"Polşa çempionatı Musa üçün yaxşı variant olardı, Almaniya klubları oranı daim izləyir"

11:57 - 19 Dekabr 2022

"Qarabağ" və Azərbaycan millisinin forvardı Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Sportal.az xəbər verir ki, Polşa mətbuatı adıçəkilən klubun Musa üçün 350 min avro xərcləməli olduğunu da yazmışdı. Bu ölkədə legioner həyatı yaşamış 4 azərbaycanlı futbolçudan biri olan Saşa Yunisoğlu Musanın "Poqon"a keçmək ehtimalını dəyərləndirib. Onun fikirlərinə görə, Polşa tramplin üçün millimizin hücumçusu üçün yaxşı variantdır:

"Orada oynamağımın üstündən uzun illər keçib. Zəmanə dəyişib. Amma Musa Qurbanlının Polşaya getməsi daha yaxşı olardı. Bu ölkə Avropaya yaxındır, özünü göstərməsi daha effektiv alınar. Polşa çempionatı daim Almaniya klublarının diqqətindədir. Almaniyaya getməyin yolu çox yaxındır. Musa orada yaxşı klublarından birinə düşüb, özünü göstərərsə... Polşa çempionatı Avropaya qapıdır. Mən orada oynayanda, Robert Levandovski özünü göstərdi və "Borussiya"ya yollandı. Bizim bütün oyunlara Almaniyadan menecerlər gəlirdi. Polşa çempionatı Çexiya, Slovakiya, Şimali Makedoniya liqaları ilə müqayisədə daha yaxşıdır. Çünki Polşa və Almaniya yaxındır, dostluq edirlər. Musa üçün yaxşı variant olardı. Bayaq dediyim kimi, orada oynamağımdan 15 il keçib. Amma Polşa Avropanın mərkəzidir. Futbolun diqqət mərkəzində olmaq üçün, elə Avropanın mərkəzində oynamaq yaxşıdır".

37 yaşlı məşqçi futbolçu vaxtında “Diskoboliya”, “Poloniya”da oynayıb.

Mirbağırağa

Xəbər xətti