Rusiyanın "Kuban" klubunun U-19 komandasının futbolçusu Sadıq Bağıyev klubun mətbuat xidmətinə müsahibə verib.
Sportal.az xəbər verir ki, klub onunla müsahibəni bu cür təqdim edib: “Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvünü təkcə istedadlı futbolçu kimi deyil, həm də böyük yumor hissi olan bir oğlan kimi tanımağa dəvət edirik”.
Həmin müsahibəni diqqətinizə çatdırırıq:
- Futbola gəlişin necə oldu?
- Ussuriyskadanam(Primorskiy kray). Öncə sambo ilə məşğul olmuşam, 6 yaşında isə futbola başlamışam. Təzə-təzə həm samboya gedirdim, həm də, futbol məşqlərinə. Doğulduğum şəhərin "Mostovik" klubunda məşq edirdim. Məşqçi Boris Kosulin idi. Sonradan Saxalinə köçdüm. Orada şərtlər və məşqlər daha yaxşı idi. İnternatda yaşayırdım və məşq edirdim.
- Çempionatda oynadığınız hansı matçlar sənin üçün xüsusi olub?
- Gənclər Liqasında “Zenit”ə qarşı ilk turdakı oyunu yaxşı xatırlayıram, sadəcə, əfsanə oyun oldu, qalib gəlmişdik. MFL-də “Krasnodar”a qarşı hər iki görüşü də qeyd edə bilərəm.
- Liqada top-akademiyaları məğlub edə bilməyinizin əsas səbəbi nədir?
- Motivasiyanı sevmirəm. İnsanda intizam olmalıdır ki, meydana çıxıb lazım olanı etsin. Baş məşqçi Murat Qomleşko uğurlu nəticəmizdə önəmli rol oynadı. O, tək komanda üçün deyil, həm də şəxsən hər birimiz üçün belədir. Xarakterimizin bərk olmasını, səbrli olmağı öyrətdi. Bunun sayəsində top-akademiyanı məğlub edə bildik.
- Karyeranla bağlı hansı hədəflərin var?
- Arzu edirəm və düşünürəm ki, nə vaxtsa "Arsenal"da oynamağa gücüm çatar. Bununla yanaşı, Azərbaycan millisinin heyətində oynamağa davam edərək, komandanın dünya çempionatına çıxmasına kömək olmaq istəyirəm.
- Dünya futbolunda hansı oyunçuları bəyənirsən?
- Məncə, Messi dünya futbolunun ən yaxşı futbolçusudur. Öz oyunu ilə məni ruhlandıran isə İngiltərə Premyer Liqasının ən yaxşılarından biri olan Tomas Partidir. Arturo Vidalı da qeyd edə bilərəm. O, xarakteri yüksək biridir, hər zaman sona qədər mübarizə aparır. Rusiyalılardan isə, Tixoreçkdən Danil Fomini deyərdim. Vilmar Barrios və "Torino"da oynayanda Aleksey Mirançuku da bəyənirəm.
- Hansı oyun üslübunu xoşlayırsan?
- Pressinq edilərək oynanılan oyundan çox xoşum gəlir. Məsələn, "Liverpul"un göstərdiyi. Komandaların topu uzun-uzun özündə saxlayaraq oynadığı futbolu sevmirəm. Rəqibin qarşısındakı komandanın cərimə meydançasında yayılmasını, pressinq edərək, topu ələ keçirib, dərhal hücum qurmasını sevirəm.
- Mövsümün geridə qalan hissəsini necə dəyərləndirirsən?
- Gənclər Liqası və MFL-də bizim yaxşı rəqiblərimiz var idi. Amma sübut etdik ki, onlar bizdən heç nədə üstün deyil. Layiqli mübarizə apardıq, yaxşı oyun və uğurlu nəticələr nümayiş etdirə bildik. Bəlkə də, istədiyimiz kimi əks-hücumda o qədər də yüksək oynamadıq. Üzücü olan odur ki, çempionatın ilk yarısında MFL-də ilk "beşliy"ə düşə bilmədik. Hamı gördü ki, bizdə azca nəsə çatışmadı.
- Hansı rəqiblərlə matçdan daha maraqlı keçir?
- Ən çox gözlənilən oyun "Krasnodar"a qarşıdır. Onların heyətində pis futbolçular oynamır, əsas komandaya cəlb olunan oyunçuları var. "Zenit"i də xüsusi qeyd etmək olar. Bir də, hər zaman yaxşı oynayan "Soçi". Həmişə istədikləri nəticəni qazanmasalar da, yaxşı oynayırlar. Amma sizə deyim ki, yeniyetmə və gənclərin liqasında nəticə əsas deyil.
- Boş vaxtlarını necə keçirirsən?
- Məncə, futbolsuz biz köməksiz biriyik. Komputer oyunları oynayıram, kiber idmanı izləyirəm. Fasilədə çox da gəzməyi sevmirəm. Dostlarla sakit yerlərdə oturmağı daha çox sevirəm. İndi daha çox oxumağa başlamışam. Öyrədən kitablara üstünlük verirəm. Məsələn, dahi insanların həyatını oxuyuram.
- Karyeranın unudulmaz anları hansılardır?
- YFL-ə çıxmaq uğrundakı oyunumuzu və Azərbaycan yığmasına dəvətimi yaxşı xatırlayıram. Avropa çempionatında oynamadığıma görə üzgünəm.
- Güclü və zəif tərəflərin hansılardır?
- Öz güclü tərəflərimdən danışmayacam. Zəif nöqtələrim isə yoxdur(gülür). Standart vəziyyətlərdə başla daha yaxşı oynamaq istəyərəm. Bir də, daha cəld pas vermək lazımdır. Bu sezon tez-tez sarı vərəqə alırdım, amma bu, təsadüfdür. Oyun ərzində hər şeyimi verirəm. Çox aqressiv oluram. Danışıqlarıma görə xəbərdarlıq edilib. Amma mən kobud oyunçu deyiləm.
- Azərbaycan millisində oynadığın vaxtları necə xatırlayırsan?
- Doğrudur, məndə çox şey alınmadı. Amma çox yaxşı xatirələrim qaldı. Hər şeyi bəyəndim. Baş məşqçimiz Serbiyadan idi, yaxşı məşqlər keçirdi. Yığmada çox qaçmırıq, tullanmırıq, qısa zamanda anlaşmanı yaxşı duruma gətirmək, hücuma çıxmaq üzərində işləyirik. Millidə daha çox düşünmək lazımdır. Aramızda kommunikasiya yaratmaq istəyirlər. Bunun üçün müxtəlif tədbirlər keçirilir.
Elçin Əlixan
saytlarin hazirlanmasi