"Kəpəz"ə gələndən xeyir verməyiblər, amma baş məşqçiyə irad bildirirlər"

10:51 - 20 Dekabr 2022

"Kəpəz" son turda "Sabah"ı evdə məğlub edə bilərdi. Amma qələbəni son anda əldən verdilər. Bəzi futbolçuların ustalıq səviyyəsi aşağı olduğu üçün bir neçə matçda qələbə qazana bilmədik. Tərlan Əhmədovun tapşırıqlarını yerinə yetirə bilmədilər. Düzdü, "Kəpəz" "Sabah"la matçda qələbəyə layiq oynadı. İnanıram ki, qələbələr də olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in veteran futbolçusu Fazil Pərvərov deyib.

Uzun illər Gəncə klubunda oynamış veteran futbolçu "Kəpəz"in ölkə kubokunda yarımfinal şanslarını dəyərləndirib: "Doğrudur, "Kəpəz" evdə "Turan Tovuz"a uduzdu. Amma inanıram ki, cavab matçında qələbəyə köklənib, "Turan Tovuz"u evində məğlub edəcək. Futbolçuların Tərlan Əhmədovun bütün tapşırıqlarını yerinə yetirib qələbə qazanacaqlarına inanıram. Biz də "Kəpəz"in veteran futbolçuları olaraq, kubok oyununda nə qədər ağır olsa da, komandamızın qələbə qazanacağına inanırıq".


Pərvərov "Kəpəz"in təcrübəli futbolçuları - Rauf Əliyev və Əfran İsmayılovun baş məşqçi Tərlan Əhmədov haqda səsləndirdiyi fikirlərə, onlarla problem yaşamalarına da münasibət bildirib:"Kimin oynayıb, kimin oynamamasına baş məşqçi qərar verir. Rauf Əliyev, Əfran İsmayılov, Elvin Yunuszadə "Kəpəz"ə hələ köməklik etməyib. Sosial şəbəkələrdə danışıb, Tərlan Əhmədova haqsız iradlar bildirirlər. Bu da xoş deyil. Komanda, rəhbərliyi barədə haqsız və mənasız iradlar azarkeşlər tərəfindən yaxşı qarşılanmır. Çünki "Kəpəz" sıradan klub deyil. Komandaya xeyir verməyiblər, amma baş məşqçiyə irad bildirirlər, bu da yalnışdır. Meydana çıxıb mübarizə aparın, qələbə qazanın. Yoxsa, kiməsə irad bildirməklə, dedi-qodu yaratmaqla "Kəpəz"ə, azarkeşlərinə hörmətsizlik edirsiz. Veteranlar olaraq, futbolçuların nə edə biləcəyini meydanda görmək istəyirik. İmkan vermərik ki, "Kəpəz"in baş məşqçisinə qarşı hörmətsizlik edilsin. İntizamı pozan futbolçu kimliyindən asılı olmayaraq komandadan qovulmalıdır. Əvəzolunmaz futbolçu yoxdur.  "Kəpəz"in akademiyasında olan gəncəli futbolçular var. İnanırıq ki, baş məşqçi və köməkçiləri komandanı dedi-qodudan qurtarıb, zirvələrə qaldıracaq, ağır və çətin durumdan xilas edəcəklər. Tərlan Əhmədova və "Kəpəz"ə uğurlar".

Mirbağırağa

Xəbər xətti