"Səbail"in hücumçusu Qoba Zakpa Sportal.az saytına müsahibə verib. Ölkə kubokunun 1 /4 final mərhələsinin “Sabah”la cavab oyununda komandasına qələbə qazandıran futbolçu həmin görüş barədə danışıb.
- "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sabah"ı üstələməyi bacardı. Matç sizin üçün necə keçdi? Evdəki 3:2 hesablı qələbə yarımfinala adlamaq üçün sizə nə dərəcədə inam verdi?
- Bir ay yox idim, hələ də bərpa mərhələsindəyəm. Meydana qayıtdığım üçün çox şadam. Komandama kömək etmək əzmindəyəm. Ən çətinini ilk oyunda etmişdik. Bu üstünlüyü qorumalı idik. Şükür Allaha mərhələni adlaya bildik. Hamımız sevinirik.
- Maraqlıdır ki, “Səbail” “Sabah”a 1:0 qalib gələrək növbəti mərhələyə adladı. Hər halda, məğlub etdiyiniz komanda bu mövsüm turnir cədvəlində ikinci pillədədir...
- “Sabah”a qarşı oynamaq asan deyil. Onlar liqanın ən yaxşı komandalarından biridir. "Sabah"a qarşı oyunumuz isə keyfiyyətli komanda olmağımızın sübutudur. Biz buna davam etdirməliyik. Əminik ki, iş və fədakarlıqla hər şey daha da yaxşılaşacaq.
- Dünənki matçdakı yeganə qolu siz vurdunuz…
- Meydançaya çıxanda beynimdə yalnız 2 məsələ olur: qalib gəlmək və qol vurmaq. Qalib gəlib mərhələni adladıq. Qolu da mən vurdum, buna görə də çox xoşbəxtəm.
- “Səbail” ölkə çempionatında sonuncu pillədə qərarlaşıb, ölkə kubokunun yarımfinalına çıxdı. Bəs, Premyer Liqada nəyə görə komanda uğursuz çıxış edir?
- Səbəblər çoxdur. Hər kəs öz məsuliyyətinə üzərinə götürməlidir. Biz oyunçular kollektiv üçün özümüzü qurban verməliyik. Meydanda bir-birimiz üçün ölməyə hazır olmalıyıq. Keyfiyyətimiz var və daha yaxşısını edə bilərik.
- Yarımfinalda rəqib "Qəbələ"dir. “Səbail”in finala çıxmaq şanslarını necə qiymətləndirirsən?
- Futbol 11 kişinin 11 kişiyə qarşı oynadığı oyundur. Biz istənilən rəqibə qalib gəlməyə qadirik. Buna nail olmaq üçün biz öz keyfiyyətlərimizə güvənməli, diqqətimizi cəmləməli və döyüşçü olmalıyıq.
- Bu mövsümkü performansını necə dəyərləndirirsən?
- Mümkün olan 17 liqa oyunundan 14-də meydana çıxmışam. Rolum nədən ibarət olursa-olsun, məşqçi mənə arxalana biləcəyini bilir. Məşqdə və oyunlarda maksimumu meydanda qoyuram. Mən idmançıyam, peşəkaram. Klubun hazırkı vəziyyəti heç birimizi razı salmır. Turnir cədvəlində yüksəlmək üçün əlimdən gələni edəcəyəm.
- Azərbaycana gəldiyinə görə peşman deyilsən?
- Məni Azərbaycanda, o cümlədən “Səbail”də çox yaxşı qarşıladılar. İdman vəziyyəti ağır olsa belə, seçimimə görə peşman deyiləm. Mən bu klub üçün mübarizə aparacam və ümid edirəm ki, daha bir neçə mövsüm bu liqada oynamağa davam edə biləcəm.
- Yəqin ki, Azərbaycan Premyer Liqasını bəyənirsən?
- Premyer Liqanın səviyyəsi maraqlıdır. Keyfiyyətli infrastruktur var. İnanıram ki, səriştəli, ağıllı idman strategiyalarını həyata keçirə bilən idman direktorlarını işə cəlb etməklə Azərbaycan klubları və çempionatı həqiqətən də çox yaxşı səviyyəyə çata bilər. Gənclərin aşkarlanması və yetişdirilməsi baxımından da fundamental işlər görməliyik. Seleksiyaçı məşqçilər də futbolu inkişaf etdirmək üçün özlərini səfərbər etməlidir. İstedadlı uşaqları taparaq, onları ortaya çıxarmaq lazımdır. Mükəmməlliyə nail olmaq üçün heç nəyi şansa buraxmaq olmaz.
Mirbağırağa
saytlarin hazirlanmasi