"Qarabağ" kubokdakı çıxışını erkən dayandırmaqla hər kəsi təəccübləndirdi" - MÜSAHİBƏ

12:17 - 22 Dekabr 2022

Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. 

- "Qarabağ" "Qəbələ" ilə matçda məğlub olaraq kubokla vidalaşdı. Bu cür nəticənin olacağlını ehtimal edirdin
- "Qəbələ" - "Qarabağ" matçı çox gərgin və maraqlı alındı. Hər iki oyunu götürsək, "Qəbələ" "Qarabağ"dan üstün oynadı. Səfərdə belə idi, Qəbələdə də. Turu da onlar keçdi. "Qarabağ" harda varsa, favoritdir. Amma "Qarabağ" uduzaraq kubokdakı çıxışını erkən dayandırmaqla hər kəsi təəccübləndirdi.

- "Qarabağ"ın son matçlarda qalib gələ bilməməsi, qalib gəldiyi anlarda da, bunu minimalhesabla etməsi barədə fikriniz necədir?
"Neftçi" matçını çıxmaq şərtilə, "Qarabağ"da oyun sürətinin əməlli-başlı aşağı düşdüyünü görürük. Yalnız "Neftçi"yə 4:0 qalib gəldikləri görüşdə özlərinə bənzəyirdilər. Digər matçlarda sürət aşağı düşmüşdü, "Qarabağ" ləng oynayırdı, rəqibləri onların qapısı qarşısında yetərincə qol imkanları yaradırdılar. Sadəcə istifadə edə bilmirdilər. Yoxsa, həmin oyunlarda da uduzardılar. 

- Bu yorğunçuluqla bağlıdır?
"Qarabağ" sıx qrafikdə oynayır. Həm avrokubokların stressi, həm psixoloji gərginlik...Çempionlar Liqasının qrup mərhələsinə düşə bilərdilər, Avropa Liqasına vəsiqə qazandılar. Ardınca AL əldən çıxdı, Konfrans Liqasında mübarizəyə davam etdilər. "Qarabağ" sıx qrafikdə oynadı. Marko Yankoviç, Marko Veşoviçi də əlavə etsək, milliyə də yetərincə oyunçuları gedir. "Qarabağ"ın həm fiziki, həm də psixoloji yorğun olduğunu demək olar.  

- "Qəbələ" -  "Qarabağ" matçı ilə yanaşı, digər sensasiyanın "Sabah" - "Səbail" görüşündə qeydə alındığını demək olar. "Səbail"in "Sabah"ı keçməsi necə, sizin üçün gözlənilməz idi?
- "
Sabah" hər kəsi təəccübləndirdi. Onlar da "Qarabağ" kimi çox yaxşı heyətə malikdir. "Səbail"lə matçın favorit idilər. "Qarabağ" "Sabah"a baxanda daha təcrübəlidir, titul qazanmağı bacarır. "Sabah" isə daha ac olmalıydı, ilk titulunu qazansın. "Qarabağ"ın dayanması da, "Sabah" üçün əsl şans idi. Amma bundan istifadə edə bilmədilər. "Sabah" üçün böyük məğlubiyyətdir. Çempionluq yarışında onlar haqda çox danışıldı. Son qarşılaşmalar komandada eniş olduğunu göstərir. İnanmıram ki, bu oyunla "Sabah" "Qarabağ"a çempionluq mübarizəsində təzyiq göstərə bilsin. Qışdan sonra "Neftçi" daha çox iddialı görünür, nəinki "Sabah". Yəqin ki, bu yöndə klubdaxilində islahatlar aparılar və yenidən çempionatın başlanğıcındakı komandanı görərik. Yetərincə xal da toplayıblar. İnanıram ki, stabilliyi qoruyub-saxlaya biləcək.

- Daha gərgin keçən qərb derbisində isə mərhələ keçən "Turan Tovuz" oldu...
- Oyunlar gərgin və mübarizəli keçdi. "Turan Tovuz" - "Kəpəz" görüşündə əsl kubok ab-havası var idi. Heç kim turniri erkən başa vurmaq istəmirdi. Hər iki komanda yarımfianala adlamaq niyyətində idi. "Turan Tovuz"un Gəncədəki qələbəsi onlara üstünlük qazandırmışdı. Doğrudur, mübahisəli epizodlar var idi. Düşünmürəm ki, orada penalti təyin edilməliydi. Sadiq Quliyev oyun qaydalarına uyğun oynadı. İnanmıram ki, orada hər hansı ədalətsiz qərar oldu. "Turan Tovuz" adını ədalətli olaraq adını yarımfinala yazdırdı. 

- Demək olar ki, kubokda əsas favorit "Neftçi"dir?
Bütün oyunların arasında ən maraqlısı "Neftçi" və "Zirə" arasında oldu. Çünki Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Bakcell Arena"ya 1:0 üstünlüklə gəlmişdi. Laurentsiu Regekampfın düzgün taktika seçimi bu oyuna damğasını vurdu. Mən də, "Neftçi"nin basqısını gözləyirdim. Rəqibin meydançasına daha çox uzun toplarla keçməyi qərar almışdı. Bu da çox uğurlu alındı, erkən qol vurdular. "Neftçi" "Zirə" üzərindəki təzyiqini buraxmadı və 3:1 qalib gəldi. Digər oyunlarla müqayisə daha həyəcanlı oldu. Hamidu Keyta penaltini vursaydı, oyunsonrası penaltilər də mümkün idi. Əməlli-başlı həyəcan hiss edildi. Heç bir komanda kuboku tərk etmək istəmirdi. "Sabah" və "Qarabağ"ın olmaması digər klublara motivasiya vermişdi. "Neftçi" də bundan yaxşı istifadə etdi, layiqli qələbə qazandı. Məncə, heç bir oyunda azarkeşlər darıxmadı, əsl kubok oyunları oldu.

Mirbağırağa

Xəbər xətti