"İkinci dövrəyə uğurlu başlamışıq. Komandaya inam və yavaş-yavaş təcrübə gəlir. Bu, uğur qazanmağımıza kömək edir. Bəzi oyunlarda bir xal qazansaq da, iki xal itirmişik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın qapıçısı Rəşad Əzizli deyib.
Bölgə klubunun qolkiperi Misli Premyer Liqasının 18-ci turunun "Neftçi"yə qarşı keçiriləcək matçdan gözləntilərini bölüşüb:
"Neftçi"yə qarşı ciddi hazırlaşmışıq. Hər oyunda qələbəyə köklənirik. Uğurlu nəticəyə inanırıq. Mən özüm də, "Neftçi"yə məxsus olsam da, rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna məsuliyyətli və ciddi yanaşıram. Bugünkü görüşdə özümü yaxşı tərəfdən göstərib, uğur qazanmaq istəyirəm".
Əzizli "Şamaxı"nın güclənib-güclənməyəcəyi barədə öz fikrini bildirib. Bununla yanaşı, qışdan sonra komandanın avrokubok uğrunda mübarizəyə qoşulmaq gücündə olduğunu deyib: "Komandanın güclənib-güclənməməsi artıq məşqçilərin verəcəyi qərardı. Yeni oyunçu gətirib-gətirməmək bizim işimiz deyil. Üzərimizə düşən məsuliyyət məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməkdi. Avrokuboklar uğrunda niyə də mübarizə aparmayaq? Bilmək olmaz, qışdan sonra nələr baş verəcək. Hazırda biz o barədə düşünmürük. Əsas olan işin düzgün getməsi, inkişafdı. Bunu da, az zamanda məşqçilərimiz bacarıb".
Mirbağırağa