"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.
- Son turda "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub etdiniz. Özünüz üçün gözlənilməz olmadıki bu cür qələbə?
- Düzü, bu cür hesabla qalib gəlməyimiz gözlənilməz oldu. Amma oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas olan qələbə idi. Şükür Allaha, onu da qazana bildik.
- Bu qədər istəkli olmağınız son oyunlardakı qələbəsizlikdən irəli gəlirdi?Sanki bütün əsəbinizi "Sumqayıt"dan çıxdınız...
- Son turlarda nəticələrimiz və oyunumuz ürəkaçan deyildi. Bizə qələbə hava-su kimi lazım idi. Bunu bütün komanda dərk edirdi. Ona görə də, oyuna daha yaxşı köklənə bilmişdik. Şadam ki, qələbə qazanmağı bacardıq.
- Oyunun gedişində Elvin Bədəlovla mübahisəniz yaşandı. Nə problem idi?
- Həmin epizodda problem başqa futbolçu ilə idi. Sadəcə olaraq, Elvin müdaxilə etdi. Ona görə də, məsələ böyüdü. Futboldur da, nə olur, meydanda qalır.
- Yəqin ki, ili bu cür qələbə ilə başa vurmaq sizi çempionatın qalan hissəsi üçün daha çox motivasiya edəcək?
- Əlbəttə, son qələbə çox vacib idi. İli yaxşı başa vurmaq önəmlidir. Gələn il üçün yaxşı motivasiya olacaq. İndi istirahətə yollanırıq. Toplanış zamanı yaxşı hazırlaşacağıq.
- Komandanın kubokda yarımfinala adlaya bilməməsi, mərhələni dayandırması mövsümün qalan hissəsi üçün sizə psixoloji tərəfdən mənfi təsir edəcək?
- Kubok artıq bizim komanda üçün bitib. Bunu yenidən yada salıb, bu haqda düşünmək mənasızdır. Biz qarşıdakı oyunlara köklənib, hazırlaşacağıq.
- Digər tərəfdən isə, indi bütün fikrinizi çempionata yönəldəcəksiniz. Avrokuboklara yeganə yolunuzun çempionatdan olması təzyiqi ikiqat artıracaq?
- Xeyr, mən belə düşünmürəm. Çempionat indi bizim üçün daha vacibdir. Ona görə də, daha məsuliyyətli olacağıq.
- Çempionluq mübarizəsinin "Sabah" və "Qarabağ" arasında gedəcəyini düşünür. Səncə, böyük sürprizi reallaşdıraraq çempion ola biləcəksiz?
- Çempionluq haqda danışmaq düzgün deyil. Çalışdığımız qədər yüksək pillələrdə olacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- 2022ci ili özün üçün çox yaxşı dəyərləndirmək olar? Həm "Sabah"da əsas heyət üzvünə çevrildin, həm də milli komandada son görüşləri əsas heyət oyunçusu kimi oynadın....
- İli normal qiymətləndirmək olar. Mənim üçün əlamətdar oldu. Millidə debüt etdim, komandamızın ilk dövrəni yaxşı pillədə başa vurdu. Ümid edirəm ki, gələn il həm mənim, həm də komandam üçün düşərli, uğur olacaq.
Mirbağırağa