"Kəpəz"in hücumçusu Mixeil Erqemlidze Sportal.az saytına müsahibə verib. Gürcü futbolçu komandasının Misli Premyer Liqasının 18-ci turunun "Zirə" ilə 2:2 bitən oyununu şərh edib.
- "Zirə" ilə matçda 2:2 oynadınız. Səncə, nəticə ədalətli alındı?
- Yaxşı oyun alındı. Vacib matç idi. Çünki ilin son görüşünə çıxırdıq. Fikrimci, 2:2 ədalətli nəticə deyildi.
- İkinci qolu buraxmamışdan əvvəl üçüncü qolu vura bilərdiniz, amma Ahmed Ayzaya şansını boşa verdi. Həmin epizoddan sonra nə düşündün?
- İstənilən epizoda baxmayaraq, mən "Zirə" ilə görüşdə qalib gələcəyimizə inanırdım. Meydana da bunun üçün çıxmışdıq. Heyf ki, alınmadı.
- Yeri gəlmişkən, əslində, üçüncü qolu vurmuşdun, amma hakim VAR-a baxdıqdan sonra qolu ləğv etdi. Həmin epizodu necə şərh edəcəksən?
- Qol vurduğuma görə sevindim. Amma düzünü deyim, qol vuranda düşündüm ki, epizoddan əvvəl dəqiq orada foul var idi.
- Çempionatın ilk yarısında "Kəpəz"dəki çıxışını necə dəyərləndirirsən? Səncə, daha yaxşı ola bilərdi, yoxsa elə maksimumun budur?
- Mənə verilən vaxta əsasən performansımı yaxşı dəyərləndirirəm. Meydana çıxdığım hər oyunda ən yaxşısını etməyə çalışmışam. Amma təbii ki, daha çoxunu edə bilərəm. Özümə güvənirəm.
- Tərlan Əhmədov qışda komandada göndəriləcək futbolçuların siyahısını rəhbərliyə təqdim etdiyini bildirib. Həmin siyahıda varsan, yoxsa səncə, qışdan sonra da komandada qalacaqsan?
- Hələ ki, bu barədə heç nə bilmirəm. Ona görə nəsə deyə bilməyəcəm.
- "Kəpəz" 2022-ci ili 9-cu pillədə başa vurdu. Niyə ən azından ilk "beşlik"də yer ala bilmədiniz?
- Mövsümün əvvəlində çox oyun uduzduq. Sonrakı matçlarda da qələbə yaxın olduğumuz anda, xallar itirdik. Özü də, son dəqiqələrdə xalları əldən verirdik.
- "Zirə" ilə görüşdən əvvəl ölkə kubokunun 1/4 final mərhələsinin "Turan Tovuz"la cavab görüşündən sonra rəqib futbolçularla mübahisə yaşandı. Dünənki oyundan sonra da "Zirə" futbolçuları ilə mübahisə oldu. Bu, nədən irəli gəlir? Bəlkə, hakimlərin qərarı özünüzdən çıxmağınıza səbəb olur?
- Bunların hamısını hakimlər edir. Səhv qərarlarından sonra hamı əsəbi olur. Nəticədə də, belə alınır. Amma meydanda olanlar orada da qalır. Hamımız futbolçuyuq və qarş-qarşıya gəlirik.
- İlk turda "Zirə"yə qarşı oyun və ilin son görüşündə eyni komanda ilə matç. "Kəpəz"də nə dəyişib?
- Doğrudur, artıq 18 oyun oynamışıq. Fikrimcə, "Kəpəz" ilk turlardan fərqli olaraq, indi daha yaxşı oynamağa başlamışdı. Hər bir rəqibə qarşı yaxşı futbol oynayırdıq. Nəticə də olurdu.
- Səncə, ötən mövsümkü çempionat maraqlı keçmişdi, yoxsa hazırkı daha yaxşıdır?
- Məncə, bu mövsümkü çempionat ötən mövsümkündən daha maraqlıdır. Fərqli düşünənlər ola bilər. Amma mənim fikrim belədir.
Mirbağırağa