"Qarabağ"ın prezidenti: "Kadi Borgesə çox ciddi təkliflər var"

19:25 - 26 Dekabr 2022

"Qarabağ"ın prezidenti Tahir Gözəl Gənclər və İdman Nazirliyinin 2022-ci ilin yekunlarına həsr olunmuş tədbirində iştirak edib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

 

- 2022-ci ili "Qarabağ" üçün müsbət dəyərləndirirəm. İstədiyimiz bütün hədəflərə nail olmadıq. Amma hesab edirəm ki, "Qarabağ" oynadığı oyunla Azərbaycanın sevgisini, hörmətini qazandı. Ümid edirəm ki, qarşıdan gələn matçlar komandamız üçün uğurlu olacaq. Klubumdan çox razıyam.


- 2023-cü ildən gözləntiniz nədir?

- İlk hədəfimiz ölkə çempionluğudur. Konfrans Liqası qarşılaşmasında komandadan uğurlu nəticə gözləyirəm. Bizi böyük həyəcan gözləyir. İnanıram ki, gözəl nəticələr əldə edəcəyik.


- Kadi Borgeslə Marko Veşoviçə təkliflər gəldiyi deyilir. Bu haqda nə deyə bilərsiz?

- Bu, bizim üçün sevindirici haldır. Artıq "Qarabağ"ın futbolçuları dünyanın gündəmindədir. "Qarabağ" artıq futbolçuların Avropaya getməsi üçün bir vasitə olub. Bu, mənim üçün xoşdur. Bəli, xəbərlər doğrudur. Çox ciddi təkliflər var. Rəqəmlərdən xəbərimiz var. Maliyyə məsələləri ilə bağlı danışıqlar gedir. İndi futbolçunu öz arzusu olmadan bir yerdə saxlamaq çətindir. Onun şəxsi fikri çox önəmlidir. Hesab edirəm ki, alınsa, klubumuz üçün xeyirli olar. Bu, əlavə bir büdcədir. Həmin büdcə də baş məşqçimiz Qurban Qurbanovun əlindədir. İstədiyi, arzu etdiyi futbolçulara xərcləmək imkanı var. Hələ ki, danışıqlar davam edir. Nəticələnən bir şey yoxdur. 


- Neçə futbolçunun "Qarabağ"a transferi gündəmdədir?

- Bu işlər Qurban hocanın tam nəzarətində və səlahiyyətindədir. Biz heç vaxt texniki məsələlərə qarışmırıq. Hamımız Qurban Qurbanovun arxasındayıq və dəstəkləyirik. Onun seçdiyi oyunçulara böyük həssaslıqla yanaşırıq. 


- Qurban Qurbanovun özünə də təklif var. Buna münasibətiniz necədir?

- Mən hesab edirəm ki, Qurban hoca "Qarabağ"ı, biz də Qurban hocanı tez buraxan deyilik. Biz artıq bir ruh olmuşuq. "Qarabağ" Qurban Qurbanovu yaratdı, Qurban Qurbanov da "Qarabağ"ı yaratdı. İnanıram ki, bizim işimiz hələ çox davam edəcək.

 

Elçin Əlixan

Xəbər xətti