Premyer Liqamızın 5-ci liberiyalısı: “Srvena Zvezda” və “Kocaelispor”un futbolçuları - FOTOLAR

12:18 - 28 Dekabr 2022

İndiyə qədər Azərbaycan Premyer Liqasında müxtəlif ölkələrdən futbolçular oynayıb. Həmin ölkələr arasında Liberiya da var. Qış fasiləsinə yollanmamışdan əvvəl çempionatımızdakı liberiyalıların sayı artdı. Belə ki, “Sumqayıt” “Kocaelispor”un sabiq üzvü, Liberiya yığmasının hücumçusu Terrens Tisdellə anlaşdı. 24 yaşlı forvard “Baroka”, “Hapoel Petah Tikva” komandalarında oynayıb. O, “Sumqayıt”dan öncə isə Rumıniya yüksək liqasının təmsilçisi “Botoşani”də çıxış edib.



Maraqlıdır ki, çempionatımıza son liberiyalı Camal Araqo olmuşdu. Ölkə çempionatımızın ilk liberiyalısı isə İsaak Pupodur. Vaxtı ilə “Qarabağ”la müqavilə imzalamış Pupo sonradan “Muğan”da da çıxış etmişdi. Maraqlı məqam burasındadır ki, Azərbaycana gəlmiş hər bir liberiyalı ölkəsinin millisində oynayıb.


İsaak Pupo
 

2007-ci ildə "Oylers" klubundan "Qarabağ"a keçmiş yarımmüdafiəçi sonradan "Muğan"la anlaşmışdı. Karyerasında yüksəliş dövrü Azərbaycandan ayrıldıqdan sonra yaşanan Pupo Yunanıstanda “Panionios”, İsveçdə “Hammarbü” klublarında çıxış etmişdi. Karyerasını başa vurmuş İsaak hazırda futbol agenti kimi işləyir.




Teo Viks

Azərbaycan çempionatındakı ikinci liberiyalı isə Teo Viksdir. Liberiyalı "Qəbələ"yə qoşulduğu ilk vaxtlarda, avrokuboklardakı çıxışı ilə diqqəti özünə çəkə etmişdi. Sonradan əvvəlki kimi effektiv performans nümayiş etdirə bilməyən 32 yaşlı yarımmüdafiəçi Kiprə qayıtmışdı. O, vaxtı ilə bu ölkənin "Ermis Aradipu" klubundan "Qəbələ"yə icarəyə gəlmişdi. Karyerasının böyük hissəsi Türkiyə və Kiprlə bağlı olan Viks hazırda klubsuzdur. 





Omeqa Roberts

Hazırda Serbiyanın "Donyi Srem" klubunda çıxış edən 33 yaşlı futbolçunun yolu da Azərbaycandan keçib. 2017-ci ildə hazırkı klubundan ayrıldığı zaman qış "transfer pəncərəsi" zamanı AZAL-la müqavilə imzalamış Roberts ölkəmizdə o qədər də effektiv performans göstərə bilməmişdi. 2006-2016-cı illərdə Liberiya millisində çıxış etmiş 33 yaşlı futbolçunun karyerası əsasən Serbiya ilə bağlıdır. "Srvena Zvezda" kimi iddialı klubda da oynamış Omeqa ölkəmizdə çox qalmamışdı.




Camal Araqo

"Səbail" adıçəkilən futbolçunu 2021-ci ilin yayında Kosovonun iddialı “Drita” klubundan heyətinə qatmışdı. Ölkəmizi tərk etdikdən sonra isə mərkəz müdafiəçisi Səudiyyə Ərəbistanına yollanaraq "Ohod"la anlaşmışdı. O, indi də bu komandada oynayır.

 

Mirbağırağa

Xəbər xətti