Azərbaycan millisinin veteran müdafiəçisi İlham Yadullayev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" ölkə çempionatında 2022-ci ili lider kimi başa vurdu. Son turda "Səbail"ə 3:0 qalib gəlsələr də, son turlardakı enişlərini nə ilə əlaqələndirirsən?
- Bəli, "Qarabağ" ili lider kimi bitirdi. Çempionat başlayandan liderliyi ələ keçirmişdilər və ilin sonuna qədər bunu qoruyub-saxlaya bildilər. Nümayiş etdirdikləri oyunları ilə də, sübut etdilər. Doğrudur, son oyunlarda eniş var idi. Bu da sırf yorğunluqdan irəli gəlirdi. Çünki onlar ilboyu üç cəbhədə döyüşürdü. Bura həm ölkə çempionatı, həm də avrokuboklar aiddir. Üstəlik, milli komandada çıxış edən futbolçuları çoxdur. Yığmada da çıxış etdilər.
- Son vaxtlar gündəmi zəbt edən xəbər “Qarabağ”ın futbolçusu Kadi Borgesin “Krasnodar”a mümkün transferidir. Bu haqda fikrin necədir?
- Hə, mən də eşitmişəm. Düzünü deyim, məyus oldum. Çünki Kadi bugünkü gündə "Qarabağ"ın lideridir, həm də çempionata rəng qatan oyunçulardandır. Bunu hər oyundakı performansı ilə sübut edir. Kadi “Qarabağ”dan gedərsə, buna çox təəssüflənərəm. Ümidvaram ki, qalıb ən azından gələn ilə qədər "Qarabağ"a kömək edər. "Qarabağ"dan ayrılaraq Rusiya çempionatına yollanması məncə Kadi üçün enişdir. Bununla yanaşı, onun gedişi "Qarabağ" üçün həm də itki olardı. Çünki o, avrokuboklarda yüksək səviyyədə çıxış edib. İnanıram ki, qalıb komandaya xeyir verəcək. Qarşıda Konfrans Liqasının matçları var.
- Hər zaman çempionluq mübarizəsində yer alan "Neftçi"nin ili üçüncü pillədə başa vurması haqda fikriniz necədir?
- Bu, həm üzücü, həm də çempionatın maraqlı olmasından irəli gəlir ki, "Neftçi" ili üçüncü pillədə bitirib. Amma hər şey yenə də, öz əllərindədir. Toparlanmaq, atmosferi, mühiti düzəltmək lazımdır. İnanıram ki, komanda gələn ildəki oyunu və çıxışları ilə "Neftçi" sevərləri sevindirəcək. Döyüşəcəklərinə əminəm.
- Mövsümü titulla başa vurmaq üçün ölkə kubokunu götürməyə daha yaxındırlar. Çünki komanda artıq yarımfinaldadır. Sizcə, “Neftçi” bunu bacaracaq?
- Doğrudur, ölkə kubokunu qazanmaq uğur sayıla bilər. Bu da real hesab edilir. Əslində, heç də pis olmazdı. Bəli, çempionluğa köklənsələr də, bu, bir az çətin görünür. Çünki çox xal itirdilər. Amma titula ən yaxın yol kubokdan keçir. Hər şey özlərindən asılıdır.
Mirbağırağa