"Turan Tovuz"un təcrübəli yarımmüdafiəçisi, vaxtı ilə "Qarabağ"da oynamış Cavid Tağıyev Sportal.az saytına müsahibə verib. O, Tovuz təmsilçisinin builki çıxışını dəyərləndirib. Bununla yanaşı, vaxtı ilə formasını geyindiyi Ağdam klubu barədə fikirlərini söyləyib.
- "Turan Tovuz" ilin son görüşündə "Qəbələ" ilə 0:0 bərabərə qaldı. Turnir cədvəlini isə 6-cı pillədə başa vurdunuz. Demək olar ki, il sizin üçün yaxşı bitdi?
- İl bizim üçün yaxşı keçdi. Son görüşdə səfərdən xalla qayıtmağımız da çox yaxşı oldu. Həm də kubokda yolumuza davam edirik. Ümumiyyətlə, son oyunlarda çox yaxşı formada idik. Bunu növbəti ildə də davam etdirəcəyimizə inanıram.
- Öz performansını necə dəyərləndirirsən? Niyə səni daha çox meydanda görmədik?
- "Sumqayıt"la Tovuzdakı oyunda əsas heyətdə oynadığım oyundan sonra məşqdə zədələndim. Ona görə oyunlardan bir az uzaq qaldım. İndi yaxşıyam.
- Meydana az-az çıxdığına görə, qışda komandadan ayrılmağı düşünürsən?
- İndiki halda belə məsələ yoxdur. Rəqabət hər klubda olur. Mən də buna hazır olmalıyam. Məşqçimiz nə vaxt oynatsa, ən yaxşısını edəcəm. Özümə inanıram.
- Ölkə kubokunda yarımfinala vəsiqə qazanmısınız. "Neftçi" səddini keçmək, kuboku götürməyiniz realdır?
- Hər bir futbolçu finalda oynamaq, ən əsası qalib gəlmək istəyər. Ancaq indiki halda heç kim deyə bilməz ki, biz kubokun sahibi olacağıq. İlk növbədə "Neftçi" ilə oyunları öz xeyrimizə etməliyik. Final haqda sonra düşünmək lazımdır.
- Tovuzdakı matçlar stadionda projektorlar olmadığına görə erkən saatlarda keçirilir. Üstəlik, oyunlarınız həftəiçi günlərdə oynanılır....
- Oyunlarımızın həftəiçi keçirilməsinin səbəbini bilmirəm. Amma bu, azarkeşlərin stadiona gəlməsinə təsir edir. Çünki insanlar işdə olur, onları da başa düşürük. İstənilən halda, sağolsunlar, yenə də dəstəklərini göstərirlər. Oyunların erkən saatlarda olmasına uyğunlaşmışıq. İnanıram ki, projektor məsələsi həll olunacaq.
- "Qarabağ"a qarşı bu mövsüm oynadın. Bu komandaya qarşı oyunlar sənin üçün xüsusidir?
- "Qarabağ"ın heyətində iki dəfə Azərbaycan çempionluğunu, iki dəfə isə ölkə kubokunu qazanmışam. Avropada güclü klublara qarşı oynamışam. Bunların hamısı böyük təcrübədir. Amma hər şey hər zaman mükəmməl olacaq deyə bir şey yoxdur. Xüsusi olmağa qalanda isə məncə, başqa klubda oynasaydım, "Turan Tovuz"a qarşı oynamaq mənim üçün xüsusi olardı.
- "Qarabağ" hazırda vahid liderdir. Səncə, onların çempionluğuna mane olacaq komanda var liqada?
- "Qarabağ" son illərdə çox yaxşı formadadır. Çempionat isə hələ davam edir. İndidən nəsə proqnoz vermək düzgün olmaz. İlin sonunda kim çempion olsa, bizə də çempionu təbrik etmək qalır.
Mirbağırağa