"Qarabağ" qarşılaşdığım ən yaxşı komandadır" - MÜSAHİBƏ

14:37 - 2 Yanvar 2023

"Kəpəz"in gürcü legioneri Giorgi Kantariya Sportal.az saytına müsahibə verib. Yarımmüdafiəçi komandasının mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib.

- Yeni ili harada qeyd etdin?
- Yeni ili ailəmlə birlikdə Gürcüstanda keçirdim. Hər zaman onlarla olmağa çalışıram. Bu, mənim üçün xoşbəxtlikdir.

- Futbol oynamaq üçün darıxmısan, yoxsa istirahətə hələ də ehtiyac var?
- Bəli, futbolsuz darıxmışam. Həqiqətən futbol oynamadan yaşamaq çətindir. Amma onsuzda yaxın günlərdə məşqlərə başlayacağıq.

- Mövsümün ilk yarısı “Kəpəz” üçün necə alındı? Komanda qışa 9-cu pillədə yollandı…
- Mövsümün ilk yarısı çətin keçdi. Amma biz həmin dönəmi birlikdə geridə qoyduq. Heç nəyə baxmayaraq, komanda əsl futbol oynamağa çalışdıq. Görünürdü ki, komandada perspektiv var.

- Qış fasiləsinə yollanmamışdan əvvəl “Zirə” ilə oynadınız və matç 2:2 hesabı ilə başa çatdı. Dörd qol və dörd qırmızı vərəqəni necə şərh edəcəksən?
- Futbolda bu cür oyunlar olur. Heyf ki, qələbəni son saniyədə əldən verdik. Halbuki üç xal qazanmağa çox yaxın idik. Həqiqətən çox emosional oyun alındı. Hamı qalib gəlmək üçün alışıb-yanırdı.

- Öz performansını necə dəyərləndirirsən? Səncə, bundan da yaxşı oynaya bilərdin, yoxsa maksimumun budur?
- “Kəpəz”də özümü çox yaxşı hiss edirəm. Çünki kollektivimiz mehribandır. Burada olduğuma görə şadam. Fikrimcə, mövsümün ilk yarısında göstərdiyim öz maksimumum deyil. Toplanışdan sonra maksimum yaxşı durumda olacam. Mövsümün ikinci yarısını daha yaxşı keçirməyi planlaşdırıram.

- Tərlan Əhmədovun “qara siyahı”sı hazırdır. Necə düşünürsən, orada olacaqsan, yoxsa qış fasiləsindən sonra da səni “Kəpəz”də görəcəyik?
- Klubla müqaviləm var. Heç kim mənimlə danışmayıb. Bayramdan sonra qayıdacam və komanda ilə birlikdə olacağıq. Türkiyədə mövsümün ikinci yarısına hazırlaşacağıq.

- Yeri gəlmişkən, “Turan Tovuz”a qarşı ölkə kubokunun 1/4 finalının cavab görüşündə də ara qarışmış və hakim qırmızı vərəqələr göstərmişdi. “Kəpəz”in oyunlarının bu qədər emosional keçməsinin səbəbi nədir? Hakimlərin qərarları sizə əsəb verir, yoxsa necə?
- Futbol emosiyasız olmur. Hamı qalib gəlmək istəyir. Biz də həmçinin. Buna görə isə hər şeyi edirik. Bəzən hakimlər emosiyalarımızı anlamır və bizi buna görə cəzalandırır.

- Mövsümün ilk yarısında gördüklərinə əsasən, Azərbaycan çempionatı haqda ümumi fikrini necə izah edərdin?
- Azərbaycan çempionatı çox yaxşı durumdadır. Liqada keyfiyyətli, səviyyəli futbolçular oynayır. Yüksək səviyyəli legionerlərin sayı isə çoxdur. İstənilən rəqibə qarşı oynamaq çətindir. Amma "Qarabağ" rəqib kimi qarşılaşdığım ən yaxşı komandadır. 

Mirbağırağa

Xəbər xətti