Karyerasını İsveçdə davam etdirən, "Savedalen"də çıxış edən Ayxan Cabbarov Sportal.az saytına müsahibə verib.
- Yeni ili necə və harada keçirdin?
- İsveçdəydim, ailəmin yanında. Hər şey maraqlı keçdi.
- Yəqin ki, Skandinaviya ölkələrində yeni il daha maraqlı keçər? Hər halda, qar və soyuqda yeni il maraqlı görünür...
- Məncə, maraqlı keçməsinə hər yerdə belədir. Yeni il həvəsi olan hər kəs üçün bu bayram maraqlıdır. Mənim üçün də həmçinin.
- "Savedalen"dəki karyeranı necə dəyərləndirirsən?
- Burada olduğum dönəmdə ən yaxşısını etməyə çalışmışam. Hər halda, bu klubda daha çox oynadım. Özümü də çox inkişaf etdirdim. Əslində, mən daha yuxarı liqa klublarına gedə bilərdim. Amma bura gələrək daha çox oynamaq, daha çox təcrübə toplamaq şansını qazandım. Şadam ki, istədiyim kimi alındı.
- İkinci liqanın səviyyəsi inkişaf etməyə imkan verir?
- Əlbəttə. Liqada çox komanda var, əla oyunçular çıxış edir. Klubların sayı da çoxdur. Özü də, bizim liqada istedadlı oyunçular çıxış edir. Bu mənada, liqa inkişaf etmək üçün əlverişlidir.
- Bundan sonra səni yeni klubda görəcəyik?
- Əslində, təkliflərim hər zaman var idi. Bilirsiz, yayda Belçika və Niderland klublarından ciddi təklif oldu. Hətta "Beerşot" klubunun düşərgəsindəydim. Bu kluba keçməyim an məsələsi idi. Sadəcə olaraq, onlar vəd etdiklərini yerinə yetirmədilər. Hər halda, indi də təkliflərim var.
- Bildiyim qədərilə tanınmış menecerlik şirkəti ilə müqavilə imzalamısan. Yəqin ki, daha yaxşı komanda tapmağına kömək edəcəklər…
- Əlbəttə ki, belədir. Bu agentlik iddialı və tanınmış klublarla, futbolçularla işləyir. Hazırda mənim üçün də adlı-sanlı klublarla danışıq aparırlar. Amma indidən bu barədə danışmaq istəmirəm. Çünki xahiş ediblər ki, heç nə deməyim. Onsuzda, bir müddət sonra hər şey dəqiqləşəcək.
- Yəni, səni gələcəkdə top liqalarda görə bilərik?
- Hər şey mümkündür. Mən özüm də "böyük beşlik" liqalarında oynamaq istəyirəm. Bunun üçün də daim çalışıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Belə olacağı təqdirdə, yəqin ki, Azərbaycan millisinə də cəlb oluna bilərsən?
- Mən onsuzda hər zaman Azərbaycan yığması üçün oynamağa hazır olmuşam. Çağırmasalar da, hər zaman ürəyimdə Azərbaycan sevgisi, millidə oynamaq istəyi olub. Çağırarlar, gəlib kömək edərəm.
Mirbağırağa
saytlarin hazirlanmasi