"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.
- Komanda Türkiyə toplanışını davam etdirir. Atmosfer necədi, sizi razı salan və narahat edən məqam hansılardır?
- Çalışacağıq ki, tez bir zamanda formamızı bərpa edək. İstirahətdən sonra futbolçular üçün hazırlıq ağır keçir. Amma bunun bəhrəsini çempionatda görməliyik. Toplanış, yoxlama görüşləri vacibdir. Kollektivdəki atmosfer yaxşıdır, futbolçular həvəslidir. Narahat edən məsələ isə bəzi oyunçuların zədədən yeni qayıtması, bəzilərinin hələ tam sağalmamasıdır. Bəzi mövqelər üçün oyunçu istəyirik. Bunları edə bilsək, çox yaxşı olardı.
- Dünən "Petrolul"la görüşdə "Turan Tovuz" 2:3 məğlub oldu. Komandanızın oyunundan razı qaldınız?
- Bilirdik ki, çətin olacaq. Çox istəyirdim ki, iki heyət hər hissə oynasın. Təəssüf ki, bəzi oyunçulara çox güc düşdü. Cavid Tağıyev zədələndi, Henri, Natan Oduva və Runi Eva komandaya oyundan bir gün əvvəl qoşuldu. İki heyətlə oynaya bilmədik. Amma yenə də, futbolçularım yaxşı mübarizə apardıq. Qalib də gələ bilərdik. Nəticə çox önəmli deyil. Amma mənə elə gəlir ki, futbolçuların ağır məşqlərdən sonra pis çıxış etmədilər.
- Rəqib seçimləri maraqlıdır. Növbəti rəqiblər "Aarau" və "Qurnik"dir. Tam istədiyiniz rəqiblərdi, yoxsa daha güclü komandalara qarşı oynamaq istəyirdiniz?
- Bilirsiz, bu elədir ki, bizim istədiyimiz tarixi rəqib də istəməlidir. Ola bilər ki, 17-də rəqib dəyişdi, Qazaxıstan klubu ilə oynadıq. Yaxın günlərdə bəlli olacaq. Toplanışda ayrı-ayrı ölkələrin komandaları ilə oynamağaımız yaxşıdır. Futbolçular təcrübə qazanır. Antalyadakı toplanışlarda həmişə yaxşı rəqiblər olur. Bizimkilər də pis deyil.
- Qışda ilk transferi həyata keçirdiniz. Denis Marandiç haqda hansı fikirdəsiz?
- Bəli, ilk transferi etdik. Denisi yaydan bu yana tanıyıram. Moldova yığmasında da çıxış edib. Yayda onu transfer etməyimiz alınmamışdı. İndi belə şans düşdü. Düzdür, 6 ay ərzində öz klubunda çox az oynayıb. Oyun praktikasından əziyyət çəkir. Buradakı yoxlama görüşləri çempionatımıza uyğunlaşması üçün kömək olar. "Petrolul"a qarşı da istəkli idi. Pis də çıxış etmədi.
- Maraqlıdır ki, legioner transferiniz başa çatdı, yoxsa davam edəcək? Əsasən hansı mövqeni gücləndirməyə çalışacaqsız?
- Transfer elədir ki, ilk növbədə maddiyyat buna imkan verməlidir. Hansısa futbolçu ilə sağollaşırıqsa, onun yerinə başqasını gətirməyi çalışırıq. Bugünkü gündə elə şans yoxdur. Gücləndirmək istədiyimiz mövqelər var. Rəqabəti artırmaq niyyətindəyik. Ancaq dəqiq bir söz demək çətindir.
- İmeda Aşortiyanın gedişi nə ilə əlaqədar idi? Özü getmək istədi, yoxsa siz?
- İmeda həm futbolçu, həm də insan kimi çox xoşumuza gəlir. Çox istəyərdik ki, çempionatımıza uyğunlaşsın. Sadəcə alınmadı. Bəlkə də, ilk turda "Qəbələ" ilə görüşdə epizodları qola çevirsəydi, daha inamlı olardı. Özü ilə də söhbət etdim, çox oynamaq istəyirdi. Bizim komanda ilə bağlı reallıq o idi ki, alınmadı. Bizi başa düşdü və özünü başqa yerdə sınamaq istədi. Normal şəkildə ayrıldıq. Ona uğurlar arzulayıram. İnanıram ki, yenidən öz formasını bərpa edəcək.
Mirbağırağa