"Zirə"nin legioneri: "Çempion olmaq istəyirəm" - MÜSAHİBƏ

13:19 - 11 Yanvar 2023

"Zirə"nin afrikalı müdafiəçisi Moiz Adileu Sportal.az saytına müsahibə verib.

- Təlim-məşq toplanışı necə keçir? Sizi qane edən və ya narazı salan nədir?
- Təlim-məşq toplanışımız yaxşı gedir. Yaxşı işləmək üçün hər şeyimiz var. Meydança, hava, otel, yemək – hər şey yüksək səviyyədədir. Biz işimizi görməyə çalışırıq.

- Dünən Rumıniyanın “Kindiya” klubu ilə qarşılaşdınız və 3:2 hesabı ilə qalib gəldiniz. Görüş komandanız üçün necə keçdi?
- Yaxşı oyun keçirdik. Matçboyu diqtə edən tərəf biz idik. Çox qol şansı yaratdıq. Düşünürəm ki, dünən meydandakı ən yaxşı komanda qalib gəldi.

- Yoxlama oyunu olsa belə, qələbə qazanmağınız sizi motivasiya edəcək?
- Əlbəttə ki, meydana çıxırsınızsa, heç bir oyunu məğlub olmaq istəmirsiz. Bu, məşq və ya yoxlama görüşü olsa belə, eynidir. Məhz bu anlayış sizi çempion edir.

- İkinci hissədə meydana daxil oldunuz. Performansınızı necə qiymətləndirirsiniz?
- Performansım yaxşı idi. Meydanda olduğum müddətdə qol buraxmadıq. İkili mübarizələrdə özümü yaxşı tərəfdən göstərdim. Demək olar ki, bütün duelləri qazandım. Oynamaqdan həzz aldığım zaman hər şeyi qazanıram.

- "Zirə" hazırda ölkə çempionatında dördüncü pillədə qərarlaşıb. Bu, sizi qane edir?
- Xeyr. Sizə dediyim kimi, çempion hər şeyi qazanmaq istəyir, mən çempion olmaq istəyirəm. Mümkün olan ən yüksək nəticəni əldə etmək niyyətindəyəm. Bilirəm ki,  istənilən komandanı məğlub edə biləcək kollektivə sahibik. Ona görə hazırda olduğumuz yer məni qane etmir. Daha yaxşı olacağına inanıram. 

- Ölkə kubokunda çıxışınızı dayandırdınız. Avrokuboklara vəsiqə qazanmaq üçün yalnız ölkə çempionatını üst pillələrdə bitirmək lazımdır. Bu, daha çox təzyiq yaradacaq?
- Xeyr, biz diqqətimizi yalnız oyunlara yönəldirik. Hər şeyi qazanmalıyıq və sonda hesablama aparacağıq. Üstünlük bizim tərəfimizdədir. Çünki sizə dediyim kimi, istənilən komandanı məğlub edə bilərik. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik. 

Mirbağırağa

Xəbər xətti