"Şamaxı"nın qolkiperi Rəşad Əzizli Sportal.az saytına müsahibə verib.
- "Şamaxı" dünən "Kaysar"la 0:0 bərabərə qaldı. Güclü küləkdə oynamaq ürəyinizcə oldu?
- "Kaysar"a qarşı matç, yeni ildə ilk oyunumuz idi. Yoxlama oyunu olsa belə, qələbə qazanmaq istəyirdik. Hava şəraiti çox pis olduğundan yaxşı futbol göstərmək mümkün olmadı. Oyun planında rəqibdən üstün oynayırdıq. Sadəcə güclü külək bəzən sonluğu gətirməyimizə mane olurdu.
- "Botoşani"yə qarşı keçirilmiş görüşünüz isə 67-ci dəqiqədə yarımçıq qaldı. Necə düşünürsən, həmin dəqiqəyə qədər normal oynayırdınız?
- İkinci oyunda rəqibimiz daha güclü idi. Buna baxmayaraq ilk hissədə qol şanslarımız yarandı. Yaxşı futbol oynayırdıq. İkinci hissədə qol buraxsaq da, vaxta çox var idi və qola biləcəkdik. Heyf ki, hava şəraiti oyunu sona çatdırmağımıza imkan vermədi.
- Ümumiyyətlə, Antalyadakı hava şəraiti hazırlığınıza nə dərəcədə təsir göstərir?
- Bəli, Antalyada hava artıq əvvəlki kimi isti və sakit keçmir. Artıq burada güclü küləklər əsir, yağış da olur. Hava şəraiti oyunlara mane olsa da, məşqlərimizdən geri qalmamaq üçün bu cür şəratidə də məşq edirik.
- "Şamaxı"ya iki yeni oyunçu cəlb edilib. Necə düşünürsən, güclənməyinizə çox ehtiyacınız var?
- Düşünmürəm ki, çox ehtiyac var. Ancaq təbii ki, bir-iki nəfərin olması gücümüzə güc qatacaq. Hər halda, bu məşqçilər korpusunun verəcəyi qərardır.
- "Kaysar" və "Botoşani"yə qarşı oynadınız. Biri Qazaxıstan, digəri isə Rumıniya klubudur. Səncə, xarici klublara nədə uduzursuz, onları nədə üstələyirsiz?
- Düzünü deyim, Qazaxıstan və Rumıniya klublarının bizimlə aramızda elə də böyük fərq yoxdur. Sadəcə təcrübə fərqi var. Adını çəkdiyiniz rəqiblərin heyətində yaşlı futbolçular çoxluq təşkil edir. Bizdə isə gənclər oynayır.
Mirbağırağa