"Qarabağ" Antalya toplanışı çərçivəsində keçirdiyi hazırlıq matçında Polşanın "Rakuv" klubuna 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun oldu. İlk dəqiqələrdən göründü ki, rəqib bizdən daha hazırlıqlıdır. "Rakuv" Polşa çempionatının lideridir. Bu, hiss olunurdu. Belə matçlarda hazırlıqsız olmaq komandanın oyununa böyük təsir göstərir. Futbolçular yorğun idilər. Bu da normaldır. Adətən ilk oyunlarda daha zəif komandalarla oynayırdıq. Qarşıda "Gent"lə matç var deyə belə bir rəqib seçdik. İstəyirdik ki, futbolçular mübarizəni hiss etsinlər. Məncə, pis oyun alınmadı. Çatışmazlıqlarımız göz önündə idi. Pressinqdə çətinlik çəkirdik. Bu matçın mənim üçün faydası çox olacaq. Çatışmayan cəhətlərin üzərində işləmək həm bizdən, həm də futbolçulardan böyük məsuliyyət tələb edir. Qarşıda vaxtımız var. Çalışacağıq ki, növbəti oyunda daha yaxşı idman formasında olaq.
- Adama Diakabi nə vaxt tam hazır olacaq?
- Hələ tezdir. Uzun müddət oynamayıb. Öz idman formasını qaytarmaq çətin olacaq. Oyun ritminə düşmək vaxt tələb edəcək. Onu düzgün hazırlamağa çalışacağıq. Diakabi bacarıqlı futbolçudur. İnanıram ki, qarşıda "Qarabağ" üçün faydası çox olacaq. Biz bu gün ondan öz əvvəlki oyununu göstərməyi tələb etsək, futbolçu "yana bilər". Tələsməli deyilik.
- Bu, son transfer olacaq?
- İnanmıram son olsun. Bu yöndə çox aktiv işləyirik. Bir transferimiz olmalı idi, son anda alınmadı. Transfer pəncərəsinin son gününə kimi çalışacağıq.
- Hansı mövqeyə transfer gözlənilir?
- Ön xəttə.
- Komandada olan yorğunluğun səbəbi nədir?
- İstəyərdim ki, futbolçular daha çox istirahət etsinlər. Onların bərpa olunması üçün minimum daha 10 günə ehtiyacımız var idi. Təəssüf ki, vaxtımız az oldu. Təkcə fiziki yox, psixoloji yorğunluq da var. Futbolçular iyun ayından bəri çox gərgin oyunlar keçiriblər. Bu gün yüklənmələrə dözmək lazımdır. İnanıram ki, yorğunluğu aradan qaldıracağıq. Futbolçular əvvəlki idman formasına qayıdandan sonra daha inamlı olacaqlar. Hazırlıq prosesimizdə bəzi dəyişikliklər var. Keçən ilkindən daha fərqli planla hazırlaşırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi