"Küveytdən Azərbaycana qayıtmağım zədə ilə bağlı idi" - MÜSAHİBƏ

15:11 - 16 Yanvar 2023

"Şamaxı"nın yarımmüdafiəçisi Kamal Mirzəyev Sportal.az saytına müsahibə verib.

- Son günlərdə hava şəraiti klubların hazırlığına maneçilik törətdi. Hazırda oradakı hava şəraiti necədir və hazırlığınıza nə dərəcədə təsir edir?
- Hazırlığımız çox yaxşı səviyyədə gedir. Havanın yağışlı yox, küləkli olması çətinlik yaradır. Antalyada futbol üçün super hava şəraiti var. Bu da hamımıza yaxşı təsir edir.

- Komanda "Kaysar" və "Botoşani" klubları ilə qarşılaşdı. Həmin yoxlama görüşləri sizin üçün necə yadda qaldı? 
-
Oyun günü yağış və külək var idi. Buna rəğmən biz məşqçilərin verdiyi tapşırıqdan, öz oyunumuzdan qopmurduq. Məncə, istədiyimiz futbolu alındıra bilmədik. Hər iki görüşdə də, bu, hava şəraiti ilə bağlı idi.

- Rəqiblərdən biri Qazaxıstan, digəri Rumıniya təmsilçisi idi. Maraqlıdır, xarici klublarla görüşdə hansı məqamlarda onlardan zəif görünürdüz, hansı məqamlarda daha güclü?
-
Əslində, üstün cəhətlərimiz daha çox idi. Sadəcə hər iki görüşə konsentrasiya olmaq məsələsi var idi. Oyuna köklənmək çox vacibdi. Hansı komanda oyuna daha yaxşı köklənsə, istədiyini alır.

- Son oyununuz iki gündən sonra "Napredak"a qarşı olacaq. Məhz həmin görüşdən sonra komandanı Premyer Liqaya tam hazır hesab etmək mümkündür?
-
Əlbəttə, sonuncu oyundan sonra məşqçilər korpusu qərar verəcək. Amma mən deyərdim ki, komandamız 70-80 faiz "Səbail"lə oyuna hazırdır.  

- "Şamaxı" hazırda turnir cədvəlində 7-ci pillədədir. Mövsümü son pillədə başa vuran komanda liqanı tərk edəcək. Bunu özünüz üçün təhlükə hesab edirsən? 

- Biz yuxarı pillələr haqda fikirləşirik. Qarşımıza hədəf qoymuşuq. Siz deyən məsələ isə, ağlımıza gələn ən son məsələdir. Heç bir təzyiq hiss etmirik. Klub rəhbərliyi həmişə məşqşçilər və futbolçuların yanındadır.

 - Küveytdə "Əl-Salmiyyə"də oynayanda daha çox diqqət mərkəzində idin. Ümumiyyətlə, orada qalmamağın nə ilə bağlı idi? Sanki Küveytdən qayıtdıqdan sonra karyeran istədiyin kimi getmir. Geri qayıtmağına görə peşman deyilsənki?
-
Küveytdən Azərbaycana qayıtmağım belimdəki zədə ilə bağlı idi. Belimdə 8 mm yırtıq əmələ gəlmişdi. Həkimlər dedilər ki, 7 mm-dən sonra əməliyyat olunmalıyam. Ancaq "Qəbələ"nin və millimizin həkimləri sağolsunlar, onlar müalicə kurusunu öz üzərilərinə götürdülər, 9 aya məni meydanlara qaytardılar. Əslində, məşqlər edirdim, sadəcə bədənimdə ağrılarım olurdu. Şükürlər olsun, indi hər şey qaydasındadır. Yoxsa, mən Küveytdən qayıtmaq istəmirdim. Hər şey Allahın əlindədir, zədəni heç bir futbolçuya zədə arzulamıram. Çox çətin dönəmdir.

- Küveytə yenidən geri qayıtmağın realdır? "Əl-Salmiyyə"dən səninlə danışan, geri qaytarmaq istəyən var?
-
Klubun icraçı direktoru Bader ilə mütəmadi olaraq danışırıq. Oynadığım futbolçularla da münasibətimiz qalıb. Hər şeyi zaman göstərəcək. Əgər alınsa, yenidən ölkə xaricinə getmək istəyərəm. İndi isə bütün fikrimi "Şamaxı"nın uğurlarına yönəltmişəm.

Mirbağırağa

Xəbər xətti