"Əks-hücumda asan qollar buraxması "Qarabağ"ı düşündürməyə vadar edəcək" - MÜSAHİBƏ

15:47 - 17 Yanvar 2023

Azərbaycanlı futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü Polşanın "Rakuv" klubuna qarşı keçirdi və 0:3 uduzdu. Bu barədə fikriniz necədir?
- Təlim-məşq toplanışında keçirilən oyunların məqsədi, mahiyyəti başqadır. Hər bir komanda üçün qalib gəlmək və ya uduzmaq vacib deyil. Amma "Qarabağ" ən azından nəyə görə 0:3 hesabı ilə uduzduğunu götür-qoy edəcək. Harada boşluqlarının olduğunu görmək üçün yaxşı oyun idi. Düzü, matça sona qədər baxa bilmədim. Lakin bir çox epizodu izlədim. Bu qədər hücumda olub, əks-hücumda asan qollar buraxması "Qarabağ"ı düşündürməyə vadar edəcək. Kadinin yoxluğunda cinahda kimin oynayacağını sınamaq baxımından da yaxşı matç oldu. 

- "Rakuv"la matçda diqqətinizi daha çox çəkən hansı məqam idi?
- Səhv etmirəmsə, Abdullah Zubir sırf hücumçu kimi başladı oyuna. Amma o, başqa mövqedə cinahdakı qədər effektli olası deyil. Özləri üçün də nümunə oldu ki, Zubiri mərkəz hücumçusu kimi oynatmağın yeri yoxdur. İstənilən halda, “Qarabağ” üçün yaxşı imtahan idi. Boşluqlar üzərində işləyəcəklər. "Qarabağ" üçün dünyanın axırı deyil. Onsuzda, zaman-zaman onlar toplanış zamanı məğlub olurdular. 

- "Qarabağ" bir müddət Kadisiz zəif görünməyəcək?
- Kadisiz zəif göründüklərini demək çətindir. Onun yerinə gələn futbolçuya da baxmaq lazımdır. Kadi qədər effektli olacağı sual doğurur. Gələn yeni futbolçu kluba, komandaya adaptasiya olmalıdır. Adaptasiya dönəmini necə keçməsi önəmlidir. "Qarabağ"da zaman-zaman elə oyunçular olub ki, adaptasiya dövrünü heç keçə bilməyib. Məsələn, digər klublarda performans göstəriblər, amma "Qarabağ"da alınmayıb. Ya da, "Qarabağ"ın heyətində əla performans göstərib digər klubdakı həmin performans alınmayıb. Kadinin əvəzinə gətirdikləri oyunçu necə olacaq, yeni gələn "Qarabağ"da effektiv olacağını zaman göstərəcək. 

- Yeni transfer olunan Adama Diakabi barədə fikriniz necədir? Yaydan bu yana futbol oynamayıb. Amma vaxtı ilə iki dəfə 10 milyona fərqli klublara transfer edilib...
- Çox güman ki, Diakabini cinah hücumçusu kimi götürüblər. Arıq, hündürboylu, uzun məsafələrə qaçmağı bacaran texnikalı futbolçudur. Fransanın U-21 yığmasında oynamış futbolçu ən azından 10 milyon dəyərində olmalıdır. Amma bu, dəyər çox keçmişə yönəlikdisə, effektli olmaya bilər. Ümid edirəm ki, altı ay oynamaması, performansının çox da aşağı düşməsinə səbəb olmayacaq. Uzun müddət oynamadığına görə, adaptasiyanı tez keçməsinə maneçilik törədə bilər. Amma keyfiyyətli, potensiallı futbolçu olması dəqiqdir. Fransa kimi yığmada oynayıb. Biri var U-17 yığmasında oynasın, biri də var U-21 millisində. Məsələn, Renat Dadaşov da Almaniyanın U-17 yığmasının üzvü olub. Amma bugünkü gündə Renat Dadaşov "Qarabağ"da oynasa, komanda üçün nə qədər effektli ola bilər? Çempionlar Liqasında "Qarabağ"a nə qədər güc qatar? Bu, müzakirə olunacaq məsələdir. Yəni U-21 yığmasında oynamaq başqa məsələdir. Məhz bu, uzunmüddətli keyfiyyətli oyunçu olmağının sübutudur. Düzdür, U-21-dən sonra millidə oynamaması müzakirə mövzusudur. Amma "Qarabağ" da PSJ deyil. Diakabi ən azından U-21 yığmasında oynayıbsa, demək ki, yaxşı potensiala malikdir. Son vaxtlar oynamamasının bəlli səbəbləri ola bilər. Fransanın U-21 yığmasında oynaması, onun potensialının yüksək olmasından xəbər verir. Çünki bu cür yığmalara küçədən keçən oyunçunu dəvət etmirlər. Ad və sima olaraq dəyərli oyunçudur. Amma nə qədər effektli olacağını zaman göstərəcək.

- "Qarabağ"la yanaşı "Neftçi" də aparıcı üzvü - Yusuf Lavalı satdı. Yarımmüdafiəçinin "Aruka"ya keçidi "Neftçi"yə mənfi təsir göstərəcək?
- Laval birə-bir mübarizələrdə ən azından Azərbaycan çempionatında rəqiblərini geridə qoya bilirdi. Onun ayrılığı "Neftçi"yə təsir göstərə bilər. Məncə, "Neftçi"nin bu qədər xal itkisindən sonra çempionluğa ümid etməsi real görünmür. Lakin kuboku qazanmaq şansına malikdirlər. Bu mənada, Lavalın əvəzinə oyunçu tapmaq məcburiyyətindədirlər. Məncə, transferləri də olacaq. Hər halda, onlar kubok oyunları üçün bir şey fikirləşməlidirlər. Laval onlar üçün güclü cinah hücumçusu idi. Zaman-zaman müdafiəçi kimi də istifadə edirdilər. Onun əvəzinə kimisə gətirməyə məcburdurlar. Məncə, Lavalın olmaması "Neftçi"nin oyununa təsir edəcək. Komandanın gücünü azaldacaq. Bəzən elə rəqiblərlə oynayırsan ki, onun müdafiəsini fərdi ustalığı olan futbolçu yara bilir. Laval da o cür futbolçu idi. Bu cür futbolçunun olmaması "Neftçi" üçün itki sayılması normaldır.

Mirbağırağa

Xəbər xətti