"Səbail"in uqandalı hücumçusu Luvaqa Kizito Sportal.az saytına müsahibə verib.
- "Səbail" son oyunda "Spartak"a (Subotiç) uduzdu. Matç sizin üçün necə alındı?
- Yaxşı matçı idi. Bizim çox gözəl anlarımız az deyildi. Amma təəssüf ki, “Spartak” həmin gün bizdən daha şanslı idi.
- Toplanışın son oyunu olduğuna görə, bu matçdakı məğlubiyyət sizdə inamsızlıq yaratmayacaq?
- Bu, sadəcə olaraq yoxlama görüşü idi. Bunun bizim güvənimizlə necə əlaqəsi olduğunu başa düşmürəm. Biz indi qarşıdakı liqa oyunlarında yaxşı nəticələrə köklənmiş güclü ailəyik.
- "Səbail" mövsümün ikinci yarısına nə dərəcədə hazırdır?
- Biz indi daha çox birlikdəyik. Komanda üçün əla toplanış alındı. Bunun komandaya gözəl nəticələr gətirəcəyinə inanıram.
- "Legiya" kimi tanınmış rəqiblə 2:2 oynadınız, ardınca "Bohemians"la 0:0 bərabərə qaldınız. Səncə, toplanış zamanı ən yaxşı oyununuzu hansı komandaya qarşı keçirdiniz?
- Oynadığımız rəqiblərin hamısı yüksək keyfiyyətli, çox yaxşı komandalar idi. Lakin ən vacib olan məsələ, yoxlama matçları olmasına rəğmən, hər kəsin meydanda verdiyi möhtəşəm mübarizədir.
- Yeni baş məşqçinin gəlişi komandada nəyi dəyişib?
- Şahin Diniyev həm əla insandır, həm də yaxşı məşqçidir. O, bizi çox yaxşı motivasiya edir. Bəli, baş məşqçimiz bizə öz sistemini aşılayıb, hər birimizin necə görmək istədiyini bildirib, öyrədir. Şəxsən onun məndən nə istədiyini bilirəm və fikrimi də ona cəmləyirəm.
- "Səbail" hazırda turnir cədvəlinin son pilləsində qərarlaşıb. Sonuncu pillədən qurtula biləcəksiz? Bu, mümkündür?
- Mən hansı pillədə olduğumuzun səbəblərini söyləmək üçün burada deyiləm. Lakin daha yaxşı nəticələr əldə edəcəyimizə əminəm.
- Komandanız ölkə kubokunda isə finala çıxmaq, kuboku qazanmaq imkanına sahibdir. Turnir cədvəlinin sonuncu pilləsində qala-qala yəqin ki, kuboku qazanmaq çox da yaxşı uğur olmazdı. Razısan?
- Bəli, razıyam. Amma kim dedi ki, biz sonuncu pillədə qalacağıq? Hələ qarşıda oyunlarımız var və bu bir anlıqdır. Lakin bu, bizim daimi mövqeyimiz deyil. Turnir cədvəlində yerlər tez-tez dəyişir, yenə dəyişəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi