"Sumqayıt"ın yarımmüdafiəçisi Murad Xaçayev Sportal.az saytına müsahibə verib. "Kimyaçılar"ın aparıcı üzvü komandasınınTürkiyədəki toplanışını dəyərləndirib.
- Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq geri döndünüz. Komandanı çempionata hazır hesab edirsiz?
- Bəli, yaxşı toplanış keçdik. Onsuzda təlim-məşq toplanışları asan keçmir. Çünki fiziki yüklənmələr olur. Məncə, Türkiyədə çox yaxşı hazırlıq keçdik.
- Toplanış zamanı yoxlama görüşlərində qüvvənizi sınadınız. Son görüş "Krılya Sovetov"a qarşı idi. Son yoxlama görüşündə məğlub olmağınız kollektivdə inamsızlıq yaratmayacaq?
- Xeyr, belə olmaz. Yoxlama matçındakı məğlubiyyətin komandaya mənfi təsir edəcəyini düşünmürəm. Rusiya Premyer Liqasının yaxşı komandasına qarşı oynadıq. Həm də, yüklənmə var idi. "Krılya Sovetov"a qarşı layiqli futbol nümayiş etdirdik.
- Daha çox hansı matçda yaxşı oynadığınızı düşünürsən? "Krılya Sovetov"la matçdan əvvəl "Radnik"ə qalib gəlmişdiniz..
- Hər iki oyun fərqli oldu. "Radnik"lə görüşdə diqtə edən tərəf biz idik, topa sahib olurduq. İkinci yoxlama matçındakı rəqibimizin səviyyəsi daha fərqli idi. Ona görə də, oyun daha maraqlı keçdi.
- Yeri gəlmişkən, komandaya yeni futbolçular cəlb olunub. Onlar haqda fikrin necədi?
- Yeni gələnlər yaxşı futbolçulardı. Adaptasiya üçün zamana ehtiyacları var. Ümidvaram ki, yeni transferlərimiz çempionatda bizə kömək olacaq.
- Qışda komandadan ayrılacağınla bağlı xəbərlər dolaşırdı. Digər klublardan təklif almışdın?
- "Sumqayıt"la mövsümün sonuna qədər müqaviləm var. Hazırda bu komandanın futbolçusuyam. Bütün fikrim də hazırkı komandamla bağlıdır.
- "Sumqayıt" qış fasiləsinə qədər uğurlu çıxış edə bilmədi. Səncə, mövsümün ikinci yarısında daha uğurlu ola biləcəksiz?
- Bəli, mövsümün ilk yarısı bizim üçün alınmadı. Ümidvaram ki, ikinci yarıda maksimum nəticələr qazanacağıq. Yaxşı da hazırlıq keçmişik. Hər şeyin daha yaxşı olacağına inanıram.
Mirbağırağa