"Zirə"nin müdafiəçisi Slavik Alxasov Sportal.az saytına müsahibə verib. O, komandasının Türkiyədəki toplanışını dəyərləndirib. Bununla yanaşı, Alxasov komandasının ölkə çempionatındakı hədəflərindən söz açıb.
- Antalya toplanışı necə keçdi? Daha çox hansı detallar üzərində işlədiniz?
- Türkiyədə 16 günlük toplanış keçdik. Ağır məşqlərimiz oldu. Bir çox detallar üzərində çalışdıq. Allah qoysa, bəhrəsini çempionat oyunlarında görərik. Yaxşı hazırlaşmışıq
- Yoxlama görüşləriniz oldu. Səncə, komanda hansı matçda daha yaxşı tərəfdən özünü göstərdi?
- Hansısa matçı xüsusi fərqləndirməzdim. Əsas məqsədimiz verilən tapşırıqları düzgün şəkildə yerinə yetirmək idi. Biz də bunun üzərində işlədik.
- Komandanı mövsümün ikinci yarısına nə dərəcədə hazır hesab edirsən?
- Nə dərəcədə hazır olduğumuzu məşqçilərimiz daha yaxşı bilər. Biz bütün oyunlarda maksimum dərəcədə əlimizdən gələni etdik. Necə hazır olduğumuza isə məşqçilər qərar verə bilər.
- "Zirə" sənin mövqeyində çıxış edən Təmkin Xəlilzadə ilə yollarını ayırdı. Nəzərə alsaq ki, matçlar sıx qrafikdə keçirilir, fiziki yüklənməyə hazırsan?
- Əlbəttə ki, özümü hazır hesab edirəm. Meydana çıxdığım görüşlərdə də, ən yaxşısını etməyə çalışdım. İstəyirdim ki, ümidləri doğruldum.
- “Zirə” bu turda “Sumqayıt”la qarşılaşacaq. Komanda hazırda 4-cü pillədədir. Necə düşünürsən, "Sumqayı"ı məğlub etmək mümkün olacaq?
- Təbii ki, çətin matç olacaq. Rəqib qışda heyətini daha da gücləndirib. Ancaq bu oyunda qələbə qazanmaq bizim üçün çox vacibdir. Yaxşı başlanğıc etmək istəyirik. Hər halda, qış fasiləsindən sonra, bu ilki birinci rəsmi matçımız olacaq.
- Rəqibiniz daha çox transfer edən komandalar arasındadır. Bir çox legioneri cəlb ediblər. Yəqin ki, mövsümün ilk yarısındakı "Sumqayıt"dan daha güclü görünürlər?
- Hələ ki, bu barədə heç nə deyə bilmərəm. Qarşıda oyunlar çoxdur. Yalnız oyunları gördükdən sonra nəsə demək daha düzgün olar. İstənilən halda, çətin matçlar olacağı dəqiqdir.
Mirbağırağa