"Kəpəz"in legioneri: "Qəbələ" ilə oyunun nəticəsi məni sevindirmir, qalib gəlməliydik" - MÜSAHİBƏ

15:27 - 26 Yanvar 2023

"Kəpəz"in xorvatiyalı qapıçısı Mario Mustapiç Sportal.az saytına müsahibə verib. Azərbaycan çempionatında Premyer Liqanın 19-cu turunun "Qəbələ" ilə görüşündə debüt edən qolkiper "Kəpəz"in 2:2 oynamasından danışıb.

- Uzun müddət idi ki, "Kəpəz"in düşərgəsindəydin, ancaq meydana çıxa bilmirdin. Həmin problemi necə həll etdin?
- Bəli, oktyabr ayından Gəncəyə gəlmişdim. Sadəcə dediyiniz kimi, qeydiyyatla bağlı bəzi problemlərim var idi. Ona görə də, meydana çıxa bilmirdim. Amma həmin problemlər geridə qaldı və artıq oyunlara çıxa bilərəm. "Qəbələ" ilə görüşdə debüt etdim. Buna görə də şadam.

- Debüt oyunun "Qəbələ"yə qarşı oldu. İlk yarısını 2:0 qalib gəldiyiniz görüş 2:2 hesabı ilə bitdi. Nəticədən razı qaldınız?
- Bəli, "Qəbələ"yə qarşı debüt etdim. Düzü, nəticə məni sevindirmir. Çünki bu oyunda qalib gəlməyə çox yaxın idik, qalib gəlməliydik. "Qəbələ" kimi güclü komandaya qarşı 2:0 öndə idik. Amma sonda matç bərabərliklə bitdi. Doğrudur, artıq bu oyun gerdə qaldı. Qarşıdakı matçlar üçün "Qəbələ" ilə oyundakı yaxşı detalları saxlayıb, yaxşı olmayanları təkrarlamamaq lazımdır. 

- "Kəpəz"in Premyer Liqada gücü nəyə çatacaq? 
"Kəpəz"in keyfiyyəti var, həqiqətən də yaxşı komandamız var. Biz çox işləyirik və düşünürəm ki, biz daha çox xala, daha yüksək mövqelərə layiqik. İndi yalnız “Kəpəz” və özümü necə inkişaf etdirə biləcəyim haqda düşünürəm. Komandamın yaxşı nəticələr qazanmasına kömək olmağa çalışıram.

- Hazırda Azərbaycandakı yeganə xorvatiyalı qapıçı sən deyilsən. İvan Brkiç də "Neftçi"nin əsas qapıçısıdır. Onun haqda nə düşünürsən? 
İvanla əlaqəm var, o, əla oyunçu və əla insandır. İvan mənə bəzi məsləhətlər verdi. Həqiqətən yaxşı qapıçıdır. Ona uğurlar arzulayıram.

- Azərbaycan Premyer Liqası haqda ümumi təəssüratın necədir? Səncə, güclü liqada çıxış edirsən?
- Premyer Liqanın səviyyəsi yaxşıdır. Amma Çempionlar Liqasında, Avropa Liqasında oynaya biləcək güclü komandalar azdır. Özümü burada xoşbəxt hiss edirəm. İndi yalnız diqqətimi cəmləməli və dayanmadan işləməliyəm. Azarkeşlərimizin qarşısında oynamaq məni şad edir. "Kəpəz" azarkeşləri çox yaxşıdır və özümü burada xoşbəxt hiss edirəm.

Mirbağırağa

Xəbər xətti