Azər Bağırov: "Premyer Liqa üçün addımlar atılır" - MÜSAHİBƏ

14:34 - 27 Yanvar 2023

"Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibə verib. O, komandasının I Divizionda mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib, Premyer Liqa hədəfləri barədə danışıb:

 

- Yayda təlim-məşq toplanışını Türkiyədə keçmişdiz, indi isə Bakıda hazırlaşırsız. Bunun səbəbi nədir?

- Çempionatda son oyunu dekabrın 17-si keçirdik. Ondan sonra 15 günlük istirahət oldu. Bu müddət ərzində futbolçulara fərdi tapşırıqlar vermişdik. Yanvarın 7-si Naxçıvanda toplaşdıq. İlk 12 gündə fiziki hazırlıq və komanda ya yeni gələnlərin uyğunlaşması ile məşğul olduq. Ayın 20-dən Bakıda təlim-məşq toplanışı keçməyə qərar verdik. Komandada bəzi futbolçular qrip virusuna yoluxmuşdu. Buna görə Türkiyəyə getmədik. "Qaradağ Lökbatan"la yoxlama matçında 6 əsas futbolçunu oynada bilmədik. Artıq uşaqlar özlərinə gəlirlər. Antalyada hava proqnozununda izləyirdik. Orada da yağışlar gözlənilirdi. Qərarımızda yanılmamışıq. Naxçıvandakı hazırlıqdan sonra Bakıdakı oyunlar bizim üçün çox əlverişlidir. Bu gün komandaya qoşulmayan iki futbolçu var. Onlara da həkimimiz nəzarət edir. Bir neçə günə məşqlərə başlayacaqlar. 


- "Araz Naxçıvan" ilk dövrəni lider kimi tamamladı. Çempionatın səviyyəsini necə dəyərləndirirsiz?

- I Divizionunda perspektivli futbolçular çoxdur. Düşünürəm ki, onlar gələcəkdə Premyer Liqa klublarında oynaya bilərlər. Bizim üçün mövsümün başlanğıcı bir az çətin oldu. Çünki, "Araz Naxçıvan" neçə ildir ki, fəaliyyət göstərmirdi. Bu il komandanı toparladıq. Çox adam bizə inanmırdı. Naxçıvanda illərdir futbolun olmaması, uzaq yerə futbolçuların getməməsi bizi çox düşündürürdü. Nəyisə bacardıq. Şükürlər olsun ki, birinci dövrəni yaxşı şəkildə bitirdik. Amma bu, o demək deyil ki, əlimizi aşağı salacağıq. İkinci dövrə bizim üçün daha çətin olacaq. Bunu bilirik. Buna uyğun öz hazırlığımızı görəcəyik. 


- Premyer Liqa ab-havası var? Bunun üçün hansı işlər görülür?

- Özümü Premyer Liqa fikri ilə çox yormaq istəmirəm. İşimiz çox çətindir. Çox futbolçular Naxçıvana gəlmək istəmir. Premyer Liqa klubunda heyətə düşə bilməyən 19-20 yaşlı oyunçular Naxçıvana gəlmək istəmirlər. O uşaqları başa düşmək olar. Amma məncə, bunlar peşəkar məşqçilər tərəfindən tənzimlənməlidir. Onlara başa salmaq lazımdır ki, futbolçu oynayaraq inkişaf etməlidir. Təəssüf ki, bu gün futbolçular Premyer Liqada ehtiyatda oturmağı I Divizionda oynamaqdan üstün tuturlar. Bu, ağrılı yerimizdir. Düşünürəm ki, bu, gələcəkdə dəyişər. 


- "Araz Naxçıvan" yenidən bərpa olunanda əsas hədəf Premyer Liqa idi. Hazırda o istək qalır?

- Heç bir fikir dəyişilməyib. Əksinə, fikirlər qətiləşib. Premyer Liqa üçün addımlar atılır. Klub rəhbəri Vüqar Abbasov hər gün bu barədə danışırıq. O, özü keçmiş idmançı olduğuna görə futbolçuları başa düşür, onları dinləyir. Rəhbərlik tərəfindən böyük dəstəyimiz var. Bu, bizi sevindirir. 


- Komandanız səfər oyunları üçün uzun yol qət edir. Bu, yorğunluğa səbəb olur?

- Heç bir yorğunluğumuz olmur. Bu, bizim üçün Bakıdan Şamaxıya getmək kimi bir şeydir. Təyyarə ilə bir saata Bakıda oluruq. Bakıdan da istədiyimiz yerə gedə bilirik. Tovuz və Gəncə bir az uzaqdır. Oraya da təyyarə reysləri var. Çox rahat şəkildə Azərbaycanın istənilən yerinə gedə bilirik. İnşallah tezliklə Zəngəzur dəhlizi açılar və artıq bu suallar verilməz.

 

Mirbağırağa

Xəbər xətti