Ceyhun Sultanov: "İndiki durumda “Neftçi”yə qayıtmaq təklifi alsam, getmərəm" MÜSAHİBƏ

22:29 - 27 Yanvar 2023

“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov sportal.az saytına müsahibə verib. O, bir vaxtlar çalışdığı klubun hazırki vəziyyəti barədə danışıb.

 

“Neftçi” bu mövsüm artıq 3-cü dəfədir ki, “Sabah”a uduzur. Son məğlubiyyət barədə nə deyərdiz?

Əslində, bu oyun təlim-məşq toplanışında gördüklərimin məntiqi nəticəsi idi. Çünki, Antalya toplanışının yekunlarına görə də, “Neftçi”də hazırlığın qaydasında olmadığı, “Sabah”ın isə əksinə, tam hazır vəziyyətdə olduğu qənaətindəydim. Açığı, əvvəlcədən də bu matçda nəticənin “Sabah”ın xeyrinə olacağını proqnozlaşdırırdım. Toplanışda gördüklərimə uyğun olaraq da, “Sabah” çox maraqlı və baxımlı futbol oynadı. Elə “Neftçi”ni də toplanışda necə görmüşdümsə, o cür də oyun göstərdi.

 

Kənardan belə görünür ki, azarkeşlər pis nəticələrdə daha çox rəhbərliyi qınayır, nəinki Regekampfı. Rəhbərliyin səriştəsizliyi barədə çox danışılıb, bəs, baş məqşçinin işini necə qiymətləndirərdiz?

Bəlkə kimsə razılaşmaya bilər, amma mən bu fikirdəyəm ki, Refekampf “Neftçi”nin yükünü daşıyacaq məşqçi deyil. Rəhbərliyi bir kənara qoyaq, nəticələrə birbaşa cavabdeh şəxs baş məşqçidir. Rumın mütəxəssis bu günə qədər komandaya heç bir oyun üslubu belə aşılaya bilməyib. Ona görə deyirəm ki, Regekampf yaxşı insan ola bilər, amma məşqçilik bacarığı “Neftçi”ni bu durumdan çıxaracaq səviyyədə deyil.

 

Maraqlıdır ki, sərgilənən bərbad oyuna rəğmən, Regekampf Konfrans Liqasında qrupa düşməyi hədəflədiklərini deyir. Bu, indiki halda nə dərəcədə realdır?

Dildə demək asandır. Hədəfə çatmaq üçün bu istiqamətdə işlər görülməlidir. Əgər Regekampf bu oyunla Konfrans Liqasının qrup mərhələsinə düşməkdən danışırsa, bu, nağıldır. Qətiyyən indandırıcı gəlmir adama. Bir işartı olsaydı, mən də bu fikirlərə qatılardım. Heç olmasa oyun planında müsbət nə isə olsaydı... Bu cür oyunla nə qrup mərhələsi.

 

Klubun qış transfer pəncərəsindəki işi barədə nə demək olar?

Hamımız biliririk ki, qış transfer pəncərəsi zamanı həmişə çətinliklər çox olur. Höccət Haqverdinin yerli oyunçu kimi keçidini müsbət qarşılayıram. Ümumən götürsək, hələ də heyətdə oyunçu çatışmazlığı var. Bilirəm ki, çətindir, amma heyəti gücləndirmək lazımdır.

 

Azarkeşlər çox narazıdırlar. Həm sosial şəbəkələrdə, həm stadionlarda bunu açıq şəkildə deyirlər. Ötən ilin sonunda Rövşən Nəcəf klubun Müşahidə Şurasına sədr təyin olunanda, hamı düşündü ki, “Neftçi”də ciddi dəyişikliklər olacaq. Lakin heç nə baş vermədi. Sizcə, niyə?   

Hər şeyi birdən-birə dəyişmək mümkün deyil axı. Dəyişikliklər mərhələ-mərhələ olmalıdır. Mənə elə gəlir ki, Rövşən müəllim hələ ki, gözləmə mövqeyindədir. Böyük ehtimalla, mövsümün yekunlaşmağını gözləyir. Yəqin ki, həmin vaxt nəticələrə uyğun qərarlar veriləcək.

 

“Neftçi” pis durumdadır. Hərə çıxış yolunu bir cür görür. Sizi də yenidən “Neftçi”də görmək istəyən toplum var. Geri qayıtmaq təklif olunsaydı, kluba dönərdinizmi?

Azarkeşlər səhv başa düşməsinlər, amma indiki durumda “Neftçi”yə qayıtmaq təklifi alsam, getmərəm. Gələcəkdə hər şey ola bilər. Nə vaxtsa qayıtsam, təbii ki öz şərtlərim, tələblərim olar. Amma indiki reallıqda bu barədə heç düşünmürəm də.

 

Həmid

 

 

 

Xəbər xətti