"Şamaxı"nın futbolçusu: "Səbail"lə matçda göstərdik ki, heç kimdən geri qalmırıq" - MÜSAHİBƏ

13:51 - 28 Yanvar 2023

"Şamaxı"nın qış fasiləsində transfer etdiyi Əli Səmədov Sportal.az saytına müsahibə verib. 25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 19-cu turundə "Səbail"lə keçirdikləri matçı dəyərləndirib, komandanın hədəfləri haqda danışıb:

 

- İlin ilk matçında "Səbail"i məğlub etdiniz. Oyunu necə dəyərləndirirsən?

- Matça yaxşı hazırlaşmışdıq. Məşqçilərimiz rəqibi təhlil etmişdi. Hara boşluqları olduğunu və güclü tərəflərini bizə demişdilər. Düşünürəm ki, oyunu yaxşı keçirdik və lazım olan 3 xalı qazandıq. İlk oyuna görə komandanın performansı normal idi. Öz oyunumda da pis deyildi. İki fərqli hiss izlədik. İkinci hissədə biz oyuna daha çox nəzarət etdik. Bunun nəticəsində də qələbə qazandıq.

 

- Antalya toplanışı necə keçdi?

- Toplanışın yaxşı keçdiyini deyərdim. Məşqlər, oyunlar, hər şey qaydasında idi. Komandaya uyğunlaşmağım da tez alındı. Çünki, buradakı çox futbolçu ilə əvvəlcədən tanışlığım var idi. 

 

- Həm "Şamaxı"nın, həm də özünün şəxsi hədəflərin nədir?

- Qarşımıza konkret olaraq hədəf qoyulmayıb. Mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. "Şamaxı" ilə daha yaxşı nailiyyətlər qazanmaq istəyirəm. Bura mənim üçün rahatdır, burada olmaq çox xoşdur. 

 

- "Şamaxı" gənc futbolçulardan ibarət komandadır. Bunun digər rəqiblərlə mübarizə aparmaqdan hansı çətinlikləri var?

- Demək olar ki, komandanın 90 faizi yerli gənc oyunlardan təşkil olunub. "Səbail"lə matçda da göstərdik ki, heç kimdən geri qalmırıq. Əlimizdən gələni edirik. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirsək, gənc olsaq da, istənilən rəqiblə mübarizə aparmaq bacarığındayıq.

 

- "Kəpəz"dən ayrılandan sonra başqa təkliflərin də var idi?

- Xeyr. Açığı başqa təklif yox idi. "Şamaxı" rəhbərliyi sağolsun, mənə güvəndilər. Təklif gəldi və dəyərləndirdik. Şadam ki, buradayam.

 

Elçin Əlixan

Xəbər xətti