"Qarabağ" artıq qış transfer pəncərəsi zamanı 3 keçidi rəsmiləşdirib. Ağdam təmsilçisi Adama Diakabi, Redon Cica və Yassin Benzianı rənglərinə bağlayıb.
Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra futbol ictimaiyyətini daha çox düşündürən məsələ qapıçı transferi ilə bağlıdır. Premyer Liqanın "Turan Tovuz"la matçı da (3:2) göstərdi ki, Luka Quqeşaşvili Konfrans Liqasının "Gent"lə matçları üçün yetərli qapıçı deyil. "Qarabağ"da mütləq qolkiper transferi olmalıdır.
Sportal.az saytı bununla bağlı klubun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxlayıb. Klub rəsmisi yaxın zamanlarda qapıçı transferinin gözlənildiyini bildirib:
"Üç transferi tamamladıq. Amma qapıçı axtarışlarımız hələ də davam edir. Müxtəlif variantlar var. Əsas məqsədimiz ən azı mövsümün sonuna kimi qolkiper icarəyə götürməkdir. Hazırda danışıqlar davam edən qapıçılar var. Hələ ki, heç kimlə anlaşmaq mümkün olmayıb. Çalışırıq ki, qapıçı transferini mümkün qədər tez reallaşdıraq. Təklif göndərdiyimiz oyunçular var. Sadəcə olaraq indi ad çəkmək düzgün olmaz. Hər hansı qapıçı ilə anlaşacağımız təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.
Qapıçı transferi hazırda bizim üçün prioritetlərdən biridir. Amma komandanın yenilənməsi istiqamətində bütün mövqelərə axtarışlarımız davam edir. Baş məşqçimiz Qurban Qurbanovun da dəfələrlə açıqladığı kimi hər mövqedə rəqabət bizim üçün önəmlidir. Amma indiki məqamda Konfrans Liqası matçlarını nəzərdə aldıqda qapıçı transferi vacibdir".
Elçin Əlixan
saytlarin hazirlanmasi