"Şamaxı"nın hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 19-cu turunun "Səbail"lə görüşündə komandasının qələbə qolunu vuran forvard növbəti turdakı "Qarabağ" oyunundan gözləntilərini də bildirib.
- "Səbail"lə matçda qalib gəlməyi bacardınız. Necə alındı ki, geridönüş edə bildiniz?
- Evdə oynayırdıq deyə, qələbə qazanmağı çox istəyirdik. Bizim üçün vacib olan üç xalı qazandıq. Geridönüş etməyimiz daha yaxşı oldu. Komanda olaraq özümüzə onsuz da çox inanırdıq. Şükürlər olsun ki, qalib gəlməyi, geridönüş etməyi bacardıq.
- "Şamaxı" hazırda 7-ci pillədə yer alıb. Səncə, komandanın maksimum gücü budur, yoxsa daha da çox irəliləmək mümkündür?
- Özümüzə inansaq, daha da üst pillələrdə ola bilərik. Amma hər şeyi zaman göstərəcək. Biz sadəcə öz işimizi görürük.
- Yəqin ki, inandırıcı olmadığına görə avrokuboklar haqda da düşünmürsüz? Dördüncü pillədəki "Zirə"dən 15 xal geridəsiniz...
- Dediyim kimi, biz işimizi görürük, qarşıdakı oyunlara hazırlaşırıq. Çalışırıq ki, hər oyundan maksimum nəticə əldə edək. Düzünü deyim, biz avrokubok haqda düşünmürük.
- "Səbail"lə oyuna sonradan daxil oldun və elə meydana daxil olar-olmaz qonaqların qapısına penalti təyin edildi. Məşqçilər penaltini sənin yerinə yetirməyini tapşırmışdı, yoxsa özün istədin?
- Yox, heç kim mənə heç nə demədi. Sadəcə olaraq, topu özüm götürdüm və penaltini vurmaq istədim. Oyuna daxil olarkən penalti ilə üst-üstə düşməsi, sadəcə təsadüf idi.
- "Şamaxı"nın növbəti turdakı rəqibi "Qarabağ"dır. Bu oyunda xal qazanmağınız nə dərəcədə realdır?
- Biz hər oyuna üç xal üçün çıxırıq. Oyunun hazırlıqlıqları davam edir. Çalışacağıq ki, "Qarabağ"a qarşı yaxşı oyun göstərək, xal və ya xallar qazanaq.
- Hazırda bombardirlər siyahısına 15 qolla Ramil Şeydayev başçılıq edir. İkinci pillədə isə "Qarabağ"ın digər forvardı Musa Qurbanlıdır. Onun da aktivində 13 qol var. Eyni komandanın iki hücumçusunun bombardirlər siyahısında ilk iki pilləni tutması haqda fikrin necədir?
- "Qarabağ" Azərbaycan səviyyəsini aşmış klubdur. Bu komandanın hücumçularının bombardirlər siyahısında yer alması, siyahıya başçılıq etməsi normaldır. Bombardirlər siyahısında isə kiməsə çatmaq niyyətim, fikrim yoxdur. Öz oyunuma, komandama fikir verirəm. İndi mənim üçün özüm və komandam maraqlıdır.