Azərbaycanlı futbol məşqçisi, "Sabah"ın keçmiş çalışdırıcısı Ramin Quliyev Sportal.az saytına müsahibə verib.
- Ölkə çempionatında 2023-cü ilin ilk rəsmi matçları başa çatdı. Ən çox diqqətçəkən oyun "Sabah" və "Neftçi" klubları arasında idi. Bu matçda komandaların performansını necə dəyərləndirirsiniz?
- Təbii ki, fasilədən sonra ilk oyunlar idi və belədə, komandalar üçün asan olmur. Məhz bu görüşdən danışası olsaq, məncə, "Sabah" "Neftçi" üzərində layiqli qələbə qazandı. Bu oyundan əvvəl "Neftçi"nin bir neçə aparıcı oyunçusu zədələnmişdi. Digər tərəfdən, "Neftçi" iki aparıcı futbolçusunu da fərqli komandalara satmışdı. Deməyim odur ki, bunların hamısı öz təsirini göstərirdi. "Sabah" isə artıq daha oturuşmuş heyətə malikdir.
- Qış fasiləsindən sonra daha yaxşı, daha güclü "Neftçi" gözləyənlər az deyildi. Amma bunun əksi göründü...
- Bayaq qeyd etdiyimi dəyişikliklər "Neftçi"yə öz təsirini göstərəcək. Hər halda, komandanın əsas heyətində oynayan iki futbolçu satıldı, zədəlilər də var idi. Amma zaman keçdikcə daha da yaxşı olacaqlar.
- "Neftçi"nin çempionluq mübarizəsində olmayacağını ehtimal etmək olar? Çünki birinci pillədəki "Qarabağ"la aralarında xal fərqi 15-ə çatıb...
- Xal fərqi getdikcə daha da böyüyür. Bəli, "Neftçi" üçün çempionluq çox çətin görünür. İstənilən halda, qarşıda oyunlar çoxdur.
- Bayaq əsas heyətdən iki oyunçunun digər klublara satıldığını qeyd etdiniz. Bəs, yeni gələn Höccət Haqverdi, Kilan Lebon haqda hansı fikirdəsiniz?
- Yeni futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Hər komandada belədir, hər futbolçu üçün də zaman gərəklidir. Amma pis tərəfi odur ki, vaxt da yoxdur. Hamı "Neftçi"dən nəticə gözləyir. Belə məqamda isə çox çətindir.
- Laurentsiu Regekampf işinin öhdəsindən gələ bilir? Bəlkə, fərqli məşqçi olsaydı, daha uğurlu nəticələr mümkün idi?
- Bunu çempionatın sonunda qiymətləndirmək olar. Çünki çempionatın qızğın vaxtı hələ bundan sonra başlayır. Az müddətdə nəsə demək çox çətindir. Fərqli məşqçi necə olacaqdı, nələr edəcəkdi, bunu da heç kim bilmir.
Mirbağırağa