Kevin Medina əsas heyətdə yerini niyə itirib?

10:33 - 1 Fevral 2023

Həm “Qarabağ”ın Antalya toplanışı zamanı, həm də Premyer Liqanın son iki oyununda Kevin Medinanın ehtiyatda qalması birmənalı qarşılanmır. “Turan Tovuz”la matçda şans qazanmayan kolumbiyalı futbolçu, “Şamaxı” ilə görüşdə 74-cü dəqiqədə meydana daxil olub. Hər iki oyunda Qurban Qurbanov müdafiənin mərkəzində Bədavi Hüseynovla Bəhlul Mustafazadəyə üstünlük verib.

 

İlk baxışdan Kevin Medina kimi futbolçunun ehtiyatda qalması təəccüblü görünsə də, bu, səbəbsiz deyil. Belə ki, Avropa Liqasının qrup mərhələsinin “Frayburq”a qarşı son oyununda qırmızı vərəqə alan kolumbiyalı futbolçu avrokuboklarda cəzalı duruma düşüb. O, Konfrans Liqasında “Gent”lə hər iki oyunu buraxmalı olacaq. Böyük ehtimalla, məhz bunu nəzərə alan Qurban Qurbanov Belçika klubu ilə vacib matçlar üçün müdafiənin mərkəzində Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov ikilisini hazırlayır.

 

Qeyd edək ki, “Qarabağ”ın “Gent”lə ilk oyunu fevralın 16-da Bakıda, səfər matçı isə bir həftə sonra olacaq.    

 

Həmid

Xəbər xətti