Laurentsiu Regekampf: "Düşünməyin ki, qızıl bankımız var"

20:08 - 1 Fevral 2023

Premyer Liqanın 20-ci turunun "Neftçi" - "Zirə" matçından sonra ev sahibinin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Nəticəyə görə çox sevinirəm. Sevinirəm ki, kiçik problemləri olan oyunçular bizə qoşulub. Yeni oyunçuların da oyunundan razı qaldım. Bilirik ki, oyundan-oyuna daha yaxşı olmalıyıq. Toplanışda zədəlilərimiz çox idi. İmkanımız olmadı ki, bütün komanda ilə birlikdə hazırlıq görək, yoldaşlıq görüşü oynayaq. Bu gün qazandığımız üç xal çox vacibdir. "Zirə" bizdən 10 xal geridədir. Növbəti oyunlara köklənməliyik".

- Emin Mahmudovun ətrafında çox söz-söhbətlər gəzir. Ayrılacağı deyilir komandadan, hətta bilərəkdən oynamadığı iddia edilir. Onunla bağlı durum nə yerdədir?
- Razı deyiləm. Fanatların dediyi məsələyə şərh verə bilmərəm. Onlar fanatdılar, nə hiss edirlərsə, deyə bilərlər. Öz tərəfimdən deyə bilərəm ki, Emin nümunədir, "Neftçi"nin oyunçusudur, komandanın və millinin kapitanıdır. Bizim üçün yaxşı oynayır, çox vacib futbolçudur. Öz tərəfimdən və rəhbərlik tərəfindən lazımı olan addımlar atılır ki, Emin yaydan sonra da bizimlə olsun. O, bizim üçün vacibdir.

- "Neftçi" ikinci pilləni tuta biləcək?
Hə desəm, inanacaqsınız? Bütün dünyada olduğu kimi, burada da belədir, fanatların dediyi, yazdıqlarına şərh verməyəcəm. Udanda fanat sevinir, uduzanda üzülürlər. Əlimizdən gələni edəcəyik. Sonda da necə olacağı görəcəyik.

- Mövsümün əvvəlində dörd oyunluq qələbə seriyası var idi. Sonradan uğursuzluq oldu. Bugünkü qələbə yeni seriyanın başlanğıcıdır? Stabillik üçün nə lazımdır?
- Stabilliyi qoruyub-saxlamaq üçün oyunçular lazımdır. Bir də davamalılıq. Eyni oyunçular 3-5 matçda bir yerdə oynamalıdır. Eyni anda da ehtiyat skamyada yaxşı futbolçular yer almalıdır. Hər görüş üçün 5-6 futbolçu əvəzedici heyətdən götürürük. Oynayan oyunçuların məşqdə rəqibi olmalıdır. Belədə, inkişaf gedər və oyunda daha yaxşı olarlar. Çalışırıq ki, bunu edək.

- Üç oyunçu getdi, üç transfer gəldi. Halbuki heyəti genişləndirəcəyiniz gözlənilirdi...
- Biz də gözləmirdik ki, eyni anda Donyo və Lavalı itirəcəyik. Planlarımıza daxil deyildi. Bizim planda var idi ki, qışda yeni oyunçular cəlb edək. Sizə deyəndə ki, davamlılıq lazımdır, transferləri də nəzərdə tuturdum. Gələn oyunçular də ən azından bir il komandada oynamalıdılar, çempionatı tanımalıdı. 4-5 ay oynayıb getmək yaxşı hal deyil. Bu, biz tərəfdən olan məsələ deyil. Laval yaydan müqavilə imzalamışdı. Donyo da qalmaq istəmədi. Onları saxlaya bilməzdim. Təsəvvür edin ki, heyətdə Laval və Lebon eyni mövqeni bölüşürlər, rəqabət olardı. Eyni anda Donyonu həm hücumda, həm də sağ cinahda oynadırdıq. Qalması, bizim üçün də yaxşı idi. Bunun üzərində işləyirik. Birini də gətirəcəyik. Amma elə də, asan deyil.

- Cəmi bir oyunçu gələcək?
- Qışda nə qədər oyunçu gətirmək olar? Müdafiəçi, hücumçu, vinger gətirdik. Düşünməyin ki, qızıl bankımız var. Bizim müəyyən büdcəmiz və qaydalarımız var. İstəyirik ki, hər ay komandada olanlar maaşını alsın. Söhbət təkcə futbol komandasından getmir, "Neftçi" adı böyükdür, istəyirik ki, hamı xoşbəxt olsun. Ən yaxşısını etməyə çalışırıq. Amma bəlli büdcəmiz var. Başqa cür görünə bilər ki, "Neftçi" niyə oyunçu gətirmir, niyə güclənmir? Heç də asan deyil.

Mirbağırağa

Xəbər xətti