Antalya toplanışı zamanı “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnib bir neçə aylıq sıradan çıxması komandanı çətin vəziyyətə saldı. “Gent”lə vacib oyunlar ərəfəsində təcrübəli qapıçının zədə almasından sonra “Qarabağ” təcili axtarışlara başladı. Qıza zaman ərzində xeyli qapıçı ilə danışıqlar aparıldı, bir neçə kluba rəsmi təklif göndərildi. Lakin az qala hamının intizarla gözlədiyi qapıçı transferi gerçəkləşmədi. Fevralın 2-də UEFA-ya göndərilən “Gent”lə oyunlar üçün sifariş ərizəsində yeni qapıçının adına rast gəlmədik. Bu isə o deməkdir ki, Belçika təmsilçisinin qabağına heyətdə olan qapıçılardan biri ilə çıxmalı olacağıq.
Əslində “Qarabağ” ötən mövsüm də oxşar durumla üzləşmişdi. Şahruddin Məhəmmədəliyev və Emil Balayev zədələnmişdi deyə, qış transfer pəncərəsi zamanı Polşanın “Yagelloniya” klubundan mövsümün sonuna qədər Luka Quqeşaşvili icarəyə götürülmüşdü. Gürcü qapıçı Fransa nəhəngi ilə oyunlarda xüsusi nə iləsə fərqlənməsə də, “Marsel”lə matçları onunla yola vermişdi “Qarabağ”.
Qapıçı axtarışlarının nəticə verməməsi bu dəfə də Konfrans Liqasının pley-off mərhələsində ümidlərimizi Luka Quşeşaşviliyə bağlamalı olduğumuza əsas verir(di). Lakin həm toplanış dövründə, həm də Premyer Liqada “Turan Tovuz”la səfər matçında gürcü qapıçının bərbad performans sərgiləməsi deyəsən, Qurban Qurbanovun onunla bağlı fikirlərini dəyişdirib. Son iki oyunda start heyətdə gənc qapıçı Amin Ramazanovun meydana çıxması “Gent”ə qarşı çərçivədə məhz onun yer alacağı ehtimalını artırır.
Amin Ramazanov yaxşı fiziki göstəricilərə malik, istedadlı qapıçıdır. Lakin oyun təcrübəsi çox azdır. O, bu günə qədər “Qarabağ”ın heyətində barmaqla sayılacaq qədər rəsmi matçda iştirak edib. Premyer Liqanın son iki oyununda 90 dəqiqə meydanda olsa da, Aminin üzərinə elə də yük düşməyib. Həm “Şamaxı”, həm “Kəpəz”lə görüşlərdə üstünə bir tutarlı zərbə gəlib və hər ikisi qol olub. Lakin insaf naminə onu da vurğulamaq lazımdır ki, heç bir qolda Aminin səhvi olmayıb. “Şamaxı”nın qolu zamanı qapının önündə tək qalan Bahadur Həziyev toru silkələyibsə, Ahmed Ayzayanın endirdiyi zərbəni dəf etmək hətta təcrübəli qapıçılar üçün də çətin tapşırıq idi.
Amini “Gent”lə oyunda meydana buraxmaq böyük riskdir. Lakin Quqeşaşvilinin pis formada olduğunu nəzərə alsaq, ümidimizi gənc qapıçıya bağlamaqdan başqa çarə qalmır. Xülasə, Amin deyib, “Qarabağ” üçün dua edək!
Həmid
saytlarin hazirlanmasi