"Sabah" da daxil olmaqla, çempionatdakı bir çox komandanı məğlub edə bilərik" - MÜSAHİBƏ

18:48 - 4 Fevral 2023

"Səbail"in legioneri Qoba Zakpa Sportal.az saytına müsahibə verib.

- Son turda "Kəpəz"i məğlub etməyi bacardınız. Həmin oyun sizin üçün necə alındı?
- Hər kəsin bildiyi kimi, futbolda dominant oyun sərgiləmək qalib gəlmək deyil. Bəzən rəqibin hücumları qarşısında güclü dayanmalısan. Mövsümün pis başlanğıcından sonra komanda kimi daha yaxşı olmağa çalışırıq! Mövsümün sonuna kimi bütün oyunlarımızı bu şəkildə qazansaq, hədsiz dərəcədə razı olacam və belədə, klub Premyer Liqada qalacaq. Ən vacibi isə budur.

- "Səbail" son pillədən qurtula bildi. Bu sizə böyük motivasiya verəcək? 
- Bu kluba gəldiyim gündən bəri motivasiya məni heç vaxt tərk etməyib. Mən idmançıyam, peşəkaram. "Səbail" üçün əlimdən gələni edəcəm. Turnir cədvəlində irəliləmək və bu sonuncu yerdən uzaqlaşmaq üçün məşqçimin, komanda yoldaşlarımın xidmətindəyəm.

- "Səbail" növbəti turda "Sabah"la qarşılaşacaq. Premyer Liqanın iddialı komandalarından olan "Sabah"ı məğlub etmək mümkün olacaq?
- “Sabah” iddialı komandadır və mövsümə yaxşı başlayıblar. Amma bizdə də istedadlı oyunçular və bacarıqlı məşqçi var. Ona görə də məşqlərdə çox çalışmalı, kollektiv şəkildə daha yaxşı olmalıyıq. Düşünürəm ki, "Sabah" da daxil olmaqla, çempionatda bir çox komandanı məğlub edə bilərik.

- "Səbail" kubokda "Sabah"ı dayandıra bildi. Hər halda, onlar revanş almaq istəyəcək?
- Hər matç fərqlidir. Dünənki həqiqət bu günün deyil, sabahın da həmçinin. Biz bu oyuna iddialı və əzmlə yanaşmalı, bir-birimiz üçün əlimizdən gələni etməliyik. Nəticəni isə sonda görəcəyik. Komandamıza inanıram.

- Öz performansından razısan, yoxsa daha yaxşı ola bilərsən?
- Komandanın vəziyyəti baxımından şəxsi işim vacib olmasa belə, çıxışımdan razı qaldığımı söyləmək yalan olardı. Təvazökarlığı kənara qoysaq, düşünürəm ki, daha da yaxşı olmaq üçün bütün keyfiyyətlərə sahibəm. Başa düşürəm ki, məşqçinin məndən hansı rolda istifadə etmək qərarına gəlməsindən asılı olmayaraq, meydanda hər şeyi etməliyəm. Karyeramı Azərbaycanda davam etdirmək istəyirəm, amma bunun üçün daha qətiyyətli olmalıyam.

Mirbağırağa

Xəbər xətti