Premyer Liqanın qanalıları: "Çelsi", "Bazel" və "Leqanes"in futbolçuları - FOTOLAR

22:10 - 4 Fevral 2023

Azərbaycan Premyer Liqasında indiyə qədər fərqli ölkələrdən çox sayda legioner çıxış edib. Çempionatımızda oynamış qanalıların sayı bu qışa qədər doqquz idi. "Sumqayıt”"ın yeni transferi bu ölkədən olan legionerlərin sayını 10-a çatdırdı. Belə ki, "gənclik şəhəri" təmsilçisinin yeni forvardı, Premyer Liqanın 20-ci turunda “Turan Tovuz”a qarşı keçirilən görüşündə komandasının qollarından birinin müəllifi Karim Abubakar qışda "Bney Yehuda"dan Azərbaycana gəldi. Premyer Liqamıza gələnə qədər daha çox aşağı liqalarda oynamış qanalı hazırda komandanın əsas hücumçularından biri hesab edilir. Abubakara qədər isə çempionatımızda adından söz etdirmiş qanalılar az olmayıb. Xatırladaq ki, Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Sumqayıt" hamıdan daha çox - 2 qanalıya ehtiyac duyub.

Kinqslki Atakora

Premyer Liqamızın ilk qanalısı Kinqsli Atakoradır. 2005/2006 mövsümündə avrokuboklarda "Nistru" ilə qarşılaşan "Xəzər Lənkəran" mərhələ adlaya bilməsə də, Cənub klubunun məşqçilər korpusu məhz həmin görüşdə afrikalını bəyənərək komandaya cəlb etmişdi. Amma o, komandaya gəldiyindən az müddət sonra ağır zədə aldığı üçün ölkəmizi tərk etmişdi. O, hazırda futbol agenti kimi çalışır.




Edmond Ntiamoa

Ölkəmizə ikinci qanalını gətirən klub da "Xəzər Lənkəran" olub. Belə ki, cənublular bu dəfə Edmond Ntiamoa ilə anlaşmışdı. Adıçəkilən forvard komandanın Azərbaycan çempionluğunda və kuboku qazanmasında böyük pay sahibi olmuşdu. Ölkəmizə gələnə qədər "Bazel", "Diyarbəkirspor", "Lutsern" kimi klublarda oynamış 42 yaşlı veteran futbolçu İsveçrəyə qayıdaraq karyerasının son illərini bu ölkədə keçirmişdi.



Qodsvey Donyo

Yayda "Neftçi"yə keçən qanalı komandada çox qalmadı. "Makkabi"də (Hayfa) özünü ən yaxşı tərəfdən göstərmiş forvard Azərbaycanda özünü heç cürə sübut etmədi və bu qış Kiprə yollandı. O, Limassolun "Apollon" klubu ilə müqavilə imzaladı. 




Kvame Karikari

Əslində, Kvame "Neftçi"yə böyük ümidlərlə dəvət edilmişdi və Azərbaycana gələnə qədər yetərincə normal klublarda oynamışdı. Lakin forvard burada çox qalmamış və Gürcüstana yollanaraq "Dinamo"(Tbilisi) ilə anlaşmışdı. 31 yaşlı hücumçu hazırda Hindistanın "Çennayin" komandasının formasını geyinir. 




Frensis Bossman

Qana yığmasında oynadıqdan sonra Azərbaycana gəlmiş futbolçulardan biri də Frensis Bossmandır. Karyerası ərzində ölkəsi ilə yanaşı Serbiya, Azərbaycan və Monteneqroda çıxış etmiş həyatı veteran futbolçu artıq karyerasını başa vurub. O, vaxtı ilə "Sloboda"dan (Uziçe) ayrılaraq "Rəvan"la anlaşmışdı.



Maykl Esyen 

Azərbaycanda oynamış legionerlər arasında ən zəngin karyeraya malik qanalı isə Maykl Essiendir. Vaxtı ilə “Lion”, “Çelsi”, “Real”, “Milan” kimi iddialı klublarda oynasa da, afrikalı “Səbail”də yalnız vaxt keçirməklə məşğul olmuşdu.


 
Ovusu Kvabena

Qanalı vaxtı ilə “Akkra”dan “Leqanes”ə transfer olsa da, bu komandada bir rəsmi oyuna da çıxmamışdı. “Ovyedo”, “Kartaxena”, “Salamanka”, “Kordoba”da icarə əsasında oynadıqdan sonra 2020-ci ildə “Qarabağ”a keçmiş Kvabena Ağdam klubunda özünə yeni səhifə açmışdı. O, burada özünü yaxşı tərəfdən göstərə bildi. Bir müddətdlik “Ankaragücü” macərasından sonra "Qarabağ"a qayıtmış qanalı bu qış "Ferentsvaroş"a transfer oldu.




Seydu Salifu

29 yaşı olmasına baxmayaraq aktiv futbolçu karyerası naməlum olan Seydunun yolu 2011-ci ildə Azərbaycandan keçmişdi. 2011-ci ildə "Turan Tovuz"da icarə əsasında çıxış etmiş yarımmüdafiəçi ölkəmizi tərk etdikdən sonra "Klub Afrikan"ın heyətində Tunis çempionluğunu yaşamış, ardından “Adana Dəmirspor” və “Ümraniyespor” klublarında çıxış etmişdi.




Riçard Qadze

Azərbaycana daha çox get-gəl edən qanalı futbolçu Riçard Qadzedir. 2013-cü ildə Qana millisinə cəlb edilmiş və bir oyunda meydana çıxmış afrikalı ilk dəfə "Zirə" forması geyinib. Hindistanın "Dehli Dinamos" klubundan ayrıldıqdan sonra "Zirə" ilə anlaşmış hücumçu sonradan Rumıniyaya yollanmışdı. Bu mövsümün gedişində isə o, Samir Abasovun dəvəti ilə Banqladeşin "Şeyx Rəssul" klubunu tərk edib, "Sumqayıt"la müqavilə imzalamışdı. Lakin qanalı "gənclik şəhəri" klubunda qalmamışdı. 





Mirbağırağa

Xəbər xətti