Təmkin Xəlilzadə: "Futbol karyeramı bitirib futzala keçməmişəm"

14:40 - 6 Fevral 2023

“Zirə” ilə yollarını ayıran Təmkin Xəlilzadə karyerasını bir müddət futzalda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı sol cinah müdafiəçisi futzal üzrə ölkə çempionatının İkinci Liqasında çıxış edən “Rəvan”a keçib. Təcrübəli futbolçunun komandası çempionatda "Baku Fire" ilə qarşılaşıb. Təmkin matçdan sonra "CBC Sport" kanalına açıqlama verib. 

 

"Maraqlı oyun oldu. Rəqib yaxşı komanda idi. Çoxdandır futzal oynamırdım. Özümə də maraqlı gəlirdi. Daimi burada oynamaq niyyətim yoxdur. Futbol karyeramı bitirib futzala keçməmişəm. Saytlarda xəbərləri oxuyuram. Belə xəbərlər adamı məyus edir. Formada qalmaq üçün bura gəlmişəm.

 

Təmkin Xəlilzadə mərc oyunları aludəçisi olduğu iddiaları ilə bağlı danışıb, O, bu iddiaların doğru olmadığını deyib:

 

"Mən də bunu bəzi yerlərdən eşitmişəm. Amma belə bir şey yoxdur. Əgər olsaydı, yəqin ki, böyük futbol oynamazdım. Real təklif olsa, əlbəttə ki, futbola qayıdacağam. Ömrümün yarısı böyük futbolla məşğul olmaqla keçib. Sadəcə olaraq futzala marağım var. Əgər futbola qayıtmasam, futzalda davam etmək barədə düşənmək olar. Amma bu liqada yox, Yüksək Liqada oynaya bilərəm".

 

Elçin Əlixan

Xəbər xətti