"İnanmıram ki, "Neftçi"nin bütün fanatları Emin Mahmudovun komandadan getməsini istəsin" - MÜSAHİBƏ

11:30 - 7 Fevral 2023

Azərbaycan millisinin veteran qolkiperi, "Şəmkir", "Bakı" və "Neftçi"nin heyətində ümumilikdə dörd dəfə ölkə çempionluğunu yaşamış Rauf Mehdiyev Sportal.az saytına müsahibə verib. Müxtəlif illərdə "Neftçi"yə iki dəfə transfer olmuş 46 yaşlı məşqçi "ağ-qaralar"ın hazırkı durumunu dəyərləndirib.

- Vaxtı ilə qapısını qoruduğunuz "Neftçi" bu mövsüm daha çox tənqid edilir. Qış fasiləsindən sonra əsas rəqibi sayılan "Sabah"a uduzdu. Amma son iki turda "Zirə" və "Sumqayıt" üzərində qələbə qazanıblar. Bu komandanın hazırkı durumuna necə şərh verərdiniz?
- "Neftçi" həmişə tənqid olunacaq. Çünki bu komanda "flaqman"dır. Hər zaman yüksək yerlərdə olmalıdır. Biz oynadığımız vaxtda da, 1-2 oyun xal itirən kimi, tənqid edilirdik. Azarkeşlər də "Neftçi"nin birinci yerdə olmasını istəyir. Çünki bu komanda həmişə çempionluq uğrunda oynayıb. Onlar yenə “Neftçi”ni yuxarılarda görməyi arzulayır. 

- "Neftçi" Mamadu Mboc, Qodsvay Donyo, Yusuf Lavalla yollarını ayırıb, əvəzinə Höccət Haqverdi, Kilan Lebon, Mateus Saldanyanı gətirdi. Yeni dəvət olunanlar sizdə hansı təəssüratı yaratdı sizdə?
- Bu, komandanın öz seçimi, qərarlarıdır. Yəqin ki, həmin futbolçulara ümid bəsləmirdilər. Əslində, Yusuf Laval pis futbolçu deyildi, "Neftçi"yə çox kömək edərdi. Hər halda, "Neftçi"nin verdiyi qərardır. Demək ki, saxlamaq istəmirdilər. Höccət Haqverdi pis futbolçu deyil, millinin üzvüdür. Kilan Lebon və Mateus Saldanya yeni gəlib, onların adaptasiyası üçün vaxt lazımdır. Gələcəkdə həmin legionerlərin nəyə qadir olduqlarını görəcəyik.

- "Neftçi" ölkə çempionatında hazırda üçüncü pillədədir və görünən budur ki, çempionluq mübarizəsi apara bilmir. Sizcə, hazırkı heyət imkan vermir ki, "Neftçi" "Qarabağ"la rəqabət aparsın, yoxsa problem başqadır?
- Çempionatda oyun çoxdur. Xal fərqi çox olsa belə, futbolda hər şey baş verir. Avropada da, bizdə də olub ki, 11-12 xal geridə qalan komanda sonda çempionluğu bayram edib. Düzdür, çətin prosesdir. Hər halda, söhbət "Neftçi"dən gedir. Çalışmalıdırlar, çempionluq mübarizəsi aparmalıdırlar. "Qarabağ", "Sabah", "Neftçi" arasında mübarizə gedəcək. “Neftçi” rəqabətdə olmalıdır, həmişə yuxarı pillələrdə yer almalıdır. Bu komanda çempionluq mübarizəsində “Qarabağ"a müqavimət göstərməlidir.

- "Neftçi" çempionluqdan uzaq düşsə də, yəqin ki, xilas yolu ölkə kubokunu qazanmasıdır. Ölkə kubokunun yarımfinalında "Turan Tovuz"la qarşılaşacaqlar. "Neftçi" kuboku qazanaraq uğursuz gedən mövsümü xilas edə bilər?
- Əlbəttə ki, "Neftçi" kuboku qazanmaq üçün yaxşı şansa sahibdir. Məncə də, bunu etməlidir. Düzdür, "Turan Tovuz"u da zəif komanda saymıram. Çox çətin olacaq. Hər şey mümkündür. Hər halda, "Neftçi" kuboku qazanmaqla mövsümü titulsuz başa vurmamış olacaq. Fanatlara da ümid verərdi.

- “Neftçi”nin fanatları arasında bəziləri Emin Mahmudovdan narazıdı, komandadan getməsini istəyirlər. Son oyunlarda Mahmudovun istəksiz olduğunu hiss edirsiniz? Onun gedişi böyük itki olacaq, yoxsa əvəzedilməz futbolçu olmadığını düşünürsünüz?
- İnanmıram ki, "Neftçi"nin bütün fanatları Emin Mahmudovun komandadan getməsini istəsin. Ola bilər ki, aralarında kimsə bunu istəsin. Amma Emin çox yaxşı futbolçudur. Bunu meydandakı oyunu ilə sübut edib. Ola bilər ki, əvvəlki formasından bir az uzaqdır. Amma yenə də, forma yığa bilər. İstənilən halda, futbolda əvəzedilməz oyunçu olmadığını düşünürəm. Hansısa futbolçu gedir, digəri gəlir, yaxşısı ayrılır, ondan da yaxşısı dəvət olunur. Əvəzedilməz futbolçu yoxdur.

- Yeri gəlmişkən, Eminin adı “Qarabağ” və “Sabah”la yanaşı hallanır. Sizcə, hansı komandaya gedərsə, özü üçün daha yaxşıdır?
- Bu, Eminini öz seçimidir. Getsə də, getməsə də, ona ancaq uğurlar arzulayıram.

Mirbağırağa

Xəbər xətti