"Əvvəlki kimi oynasaq, "Qarabağ"la matçda qələbə qazanmaq şansımız olacaq"

17:12 - 8 Fevral 2023

"Heç bir oyun asan deyil. Sadəcə "Səbail"lə görüşdə öz səviyyəmizi göstərdik. Yaxşı motivasiyamız var idi. Bununla yanaşı, matça yaxşı konsentrasiya olmuşduq. Bunlar öz bəhrəsini verdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın futbolçusu Boyan Letiç deyib.

Müdafiəçi Premyer Liqanın 21-ci turunun "Səbail" (4:0) üzərində qazanılan qələbəsini şərh edib. Bununla yanaşı, o, matçların gedişində müəyyən üstünlük əldə etdikdən sonra komandanın eyni tempdə davam etməməsinə açıqlama gətirib: "Düşünürəm ki, 90 dəqiqə ərzində eyni oyun tempini saxlamaq çətindir. Hər zaman eniş baş verir. Xüsusən də böyük üstünlüyə malik olduqda. Əsas odur ki, qalib gələ bilirik".

"Sabah" Premyer Liqanın 22-ci turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq. Letiç bu görüşdə qələbə qazanmaq şanslarının olduğunu deyib: "Qarabağ" keyfiyyətli komandadır. Bunu həm çempionatdakı, həm də avrokuboklardakı nəticələrindən də, görmək mümkündür. Amma əvvəlki kimi motivasiyalı və diqqətli oynasaq, “Qarabağ”la matçda da qələbə qazanmaq şansımız olacaq".

Mirbağırağa

Xəbər xətti