"Sumqayıt" bu gün yeni transferini açıqladı. "Kimyaçılar" son olaraq Rusiyanın "Arsenal" (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzaladı.
Sportal.az saytının araşdırmasına görə, 25 yaşlı futbolçunun bu günə qədər qeydiyyatdan keçirilməməsinin əsas səbəbi onun Azərbaycan pasportuna malik olmaması idi. Əliyevin sabiq klubunun mətbuat katibi Yevgeni Ovsyannikov saytımıza verdiyi açıqlamasında futbolçunun "Arsenal"la heç bir sənəd probleminin olmadığını bildirmişdi.
"Sumqayıt" bu gün Kamran Əliyevin transferini açıqladıqdan sonra Peşəkar Futbol Liqasının texniki direktoru Elgiz Abbasovla əlaqə saxlayıb, oyunçunun yerli, yoxsa legioner olaraq qeydiyyatdan keçirildiyi ilə maraqlandıq. PFL rəsmisi futbolçunun Rusiya pasportu ilə qeydiyyatdan keçirildiyini bildirdi:
"Pfl-də proses iki mərhələdən ibarətdir. Qeydiyyat və sifariş. Oyunçu qeydiyyatdan keçirilib, amma hələ oyunlar üçün sifariş olunmayıb. Qeydiyyatdan keçən zaman Rusiya Federasiyasının pasportundan istifadə olunub".
Qeyd edək ki, azad agent statusunda olan oyunçuların son sifariş tarixi 15 apreldə bitir. Kamran Əliyev həmin tarixədək Azərbaycan pasportu əldə etməsə, klub 50 min manat ödəyərək legioner kimi rəsmiləşdirməlidir. Çünki, bu halda o, cari mövsümdə "Sumqayıt"ın 15-ci legioneri olacaq. Klublar 14 legionerdən sonra transfer etdiyi hər əcnəbi futbolçuya görə PFL-ə 50 min manat ödəməlidir.
Elçin Əlixan
saytlarin hazirlanmasi