"Komandanın yarısı qapıçıdır. Qapıçı həmişə 100 faiz formada olmalıdı. Andrey Lunyov da "Qarabağ"a kömək edə bilməyəcəkdi. Çünki komandaya daim oyunda olan qapıçı lazım idi. Lunyov isə oynamırdı. Bilirsiz, vaxtında Emil Balayevin üzərində dayansaydılar, indi bizə kömək edərdi. Öz balamızdı. Ona dəstək olmaq lazımdır. İndiki uşaqlara tez "sınırlar". Onlara dəstək olmasaq, qabağa getməyəcəklər. Bizim vaxtımızda isə öz gücümüzə gedirdik. İndiki uşaqlara dəstək olmalıdır, dəstəksiz mümkün deyil".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran forvardı Paşa Əliyev deyib.
Ağdam klubunun formasını geyinmiş Əliyev Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" görüşü haqda fikirlərini bildirib. Bununla yanaşı, o, Azərbaycan çempionunun yeni transferlərindən və Konfrans Liqasının pley-off mərhələsinin "Gent" görüşündən gözləntilərini bizimlə bölüşüb:
"Sabahkı görüşün maraqlı olacağı gözlənilir. Bu iki komandanın oyunu həmişə maraqlı alınır. Elə bu mövsümün gedişindəki oyunları xatırlayırıq. Məncə, sabahkı görüş də ağır və maraqlı olacaq. "Gent"lə oyunöncəsi bu görüş bəlkə də yaxşıdır. "Gent"lə oyuna gəldikdə, uşaqlar mübarizə aparacaq. Ancaq çox ağır olacaq. Kadi Borges, Ovusu Kvabena yoxdur. "Qarabağ"da bəyəndiyim üç legioner var idi, biri Kadi, digəri Ovusu. İkisi komandadan ayrıldı, o biri legioner Marko Veşoviç isə komandadadır. Bu, sevindiricidir.
"Qarabağ"ın sistemi, oyunçu seçimi gözəldir. Burada Qurban Qurbanov və köməkçiləri, seleksiyaçıları böyük işlər görür. Yerlilərdən isə Qara Qarayev başda olmaqla hamısı bəyəndiyim oyunçulardır. Bilirsiz, gələn legioner seçilməlidir. Yassin Benzianın oyununu az görmüşəm. Ona görə nəsə deyə bilmərəm. Təki xeyirlisi olsun. Azərbaycan çempionatında yek komanda "Qarabağ"dır. Onlara rəqib yoxdur. Çox istəyərdim ki, gələcəkdə "Neftçi", "Sabah", "Kəpəz", liqadakı bütün komandalar eyni gücdə olsun, əsl rəqabət getsin".