"Tirana"nın baş məşqçisi Orges Şehi Sportal.az saytına müsahibə verib. Albaniyalı məşqçi sabiq futbolçusu, "Qarabağ"ın yeni transferi Redon Cicanın "Tirana"dan ayrılmasına münasibət bildirib. Bununla yanaşı, yarımmüdafiəçinin "Qarabağ"dakı karyerasından gözləntilərini açıqlayıb.
- Redonun "Qarabağ"a keçidini necə şərh edərdiniz?
- Redon çox böyümüşdü və həmişə ölkə xaricində oynamaq istəyində biri idi. O, işləməyi sevən və həmişə təvazökar oğlandır. Düşünürəm ki, o, "Qarabağ"a keçməklə karyerasında vacib addım atdı. Çünki o, davamlı olaraq avrokuboklarda qrup mərhələlərində iştirak edən bir klubla müqavilə imzaladı. Bu, mənim son vaxtlar düşündüyüm əsas məsələ idi. İnanıram ki, Redon "Qarabağ"a kömək olacaq.
- "Tirana"da onun yoxluğu hiss edilir?
- O, bizim bombardirimiz idi. Bu mənada, "Tirana"nı çox dəyərli futbolçu tərk etdi. Ondan darıxacağıq və bilirik ki, onun yoxluğu da hiss ediləcək. Amma ümid edirik ki, bu, mümkün qədər az olacaq.
- Özünüz qeyd etdiyiniz kimi, Cica Albaniyada bombardir idi. O, buna Azərbaycanda davam edə bilər?
- Məncə, Redonnun adaptasiya olması üçün zamana ehtiyacı var. Bu, hər bir futbolçunun yeni transferində ehtiyac duyulur. Nəinki futbolda, hər bir işdə belədir. Redon 2022-ci il Albaniya çempionatının qızıl topunu qazanıb. O, özünü "Qarabağ"da da göstərəcək. "Tirana"dakı çıxışı ilə bunu söyləyə bilərəm.
- Yəni, hesab edirsiniz ki, Cica "Qarabağ"ın yeni ulduzu olacaq? "Qarabağ"ın oyun sisteminə uyğun gəldiyini düşünürsüz?
- Düzünü desəm, onun "Qarabağ"da hansı sistemdə oynayacağını bilmirəm. Amma Redonun "Qarabağ"ın ulduzu olacağına inanıram. Ona ən yaxşılarını arzulayıram.
- "Qarabağ"ın oyunlarını izləyirsiz?
- İşlərlə bağlı zaman olmadığına görə "Qarabağ"ın oyunlarına baxa bilmirəm.
Mirbağırağa