Azərbaycanın U-17, U-19 və U-20 yığmasının şərəfini qorumuş Nikolaz Baçaliaşvili "Araz Naxçıvan"a keçməsi barədə Sportal.az saytına açıqlama verib.
O, Azərbaycan klubundakı məqsədlərindən söz açıb: "Araz Naxçıvan"da özümü xoşbəxt hiss edirəm. Bura gəlməmişdən qabaq Gürcüstanın bir klubundan təklif almışdım. Azərbaycanın digər komandasından da dəvətim var idi. Amma Azərbaycana qayıtmaq istəyirdim. "Araz Naxçıvan"a keçməklə düzgün qərar verdiyimi düşünürəm. Çünki çox yaxşı kollektivimiz var. Məşqçilər korpusu, kollektiv, hamısı mehribandır. Burada böyük ailə var. Ona görə də, adaptasiyanı çox tez keçdim. Məqsədimiz çempion olmaqdır. Əlimdən gələni edəcəm ki, öz töhvəmi verim".
Baçaliaşvili yeni klubunda özünü yaxşı tərəfdən göstərərək yenidən yığmaya cəlb olunmaq istədiyini bildirib: "Futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Məşqçilər də peşəkardır. Futbolçuya necə yanaşmaq lazım olduğunu bilirlər. Qarşıya qoyulan məqsədə birlikdə nail olacağıq. Təbii ki, mən həm komandaya kömək olmaq istəyirəm, həm də yığmaya cəlb olunmaq üçün əlimdən gələni edəcəm".