"Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib. Azərbaycanlı futbol mütəxəssisi Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Sabah" oyununda baş verənləri şərh edib.
- "Qarabağ" "Sabah"la matçda qələbə qazana bilmədi. Sizcə, oyunun ədalətli nəticəsi 1:1 idi?
- "Qarabağ" - "Sabah" oyunu Premyer Liqanın derbisinə çevrilib. Oyuna baxanda demək olardı ki, rəqiblər bir - birilərindən çəkinmədən, açıq futbol oynamağa üstünlük verirdilər. Fikrimcə, bu, klub səviyəsində "Sabah"ın inkişafıdır. Lakin mövsümün gedişində bu cür oyunların sayı daha çox olmalıdır. "Sabah"ın daha istəkli olması gözə çarpırdı.
- Görüşün daha çox diqqətçəkən məqamı penalti vəziyyəti idi. Səncə, Elçin Məsiyev niyə VAR-a baxsa da, "Qarabağ"ın qapısına penalti təyin etmədi?
- Məncə, penalti epizodunda daha bir görüntüyə ehtiyac var idi. Oyundan sonra "Sabah"ın sosial şəbəkədə yayımladığı görüntü var, həmin epizod olsaydı, Elçin Məsiyev penaıti nöqtəsini göstərəcəkdi.
- Ümumiyyətlə, həmin epizodda qaydaları dərindən bilməyə ethiyac var, yoxsa dəqiq penalti idi və başqa nəsə axtarmağa, fikirləşməyə dəyməzdi?
- Başqa nəsə fikirləşmək düzgün olmazdı. Qeyd etdiyim kimi, VAR-da bir görüntü olsaydı, Elçin Məsiyev penalti təyin edəcəkdi. Ümumiyyətlə, çox az stadionlara sahibik ki, tam olaraq VAR kameraları quraşdırılsın. "Azərsun Arena"da çəkiliş bir tərəfli olduğuna görə, bu cür problemlərin olması labüddür.
- 1:1 hesabını "Sabah" üçün uğurlu hesab etmək olar? Hər halda, "Sabah" qalib gəsəydi, "Qarabağ"la xal fərqini ikiyə endirəcəkdi...
- Əlbəttə ki, oyunda "Sabah"ın qələbəsi çempionatın marağını daha da artıracaqdı. Bu da, sonrakı oyunlarda "Qarabağ"ın daha da nəticəyə yönəlik oynayacağına səbəb olacaqdı. Necə ki, əvvəlki çempionatda "Neftçi" son oyunda "Qarabağ"dan çempionluğu ala bilmişdi. Düşünmürəm ki, "Qarabağ" bir daha elə yalnışlığa yol versin. Amma bu, "Qarabağ" üçün belə dönəmdə daha çətin olacaq. Həm 16 fevralda "Gent"lə görüş, üç gündən sonra da "Zirə"yə qarşı səfər matçı, ondan 4 gündən sonra isə "Gent"ə qarşı cavab oyunu olacaq. Bu, "Qarabağ" üçün çox ağırdır. Yəqin ki, əvvəllər də olduğu kimi "Zirə" - "Qarabağ" matçı təxirə salınaraq "Qarabağ"ın "Gent"lə oyunlara tam gücü ilə hazırlaşmasına şərait yaradılar
- Ümumiyyətlə, "Sabah" növbəti turlarda "Qarabağ"a çata bilər, yoxsa səncə "Qarabağ" istənilən halda çempion olacaq?
- "Qarabağ"ın çempionluğuna 5 xallıq fərq bəs edər. Amma bunun üçün dördüncü dövrənin sonuncu turuna qədər bu fərqi saxlaması lazımdı. Amma "Qarabağ" da gözlənilməz xal itkisindən sığortalanmayıb. Eyni ilə "Sabah" da gözlənilməz xal itkisindən sığortalanmayıb.
Mirbağırağa