"Mahir Emreli "Konyaspor"a keçməklə düzgün addım atıb. Doğrudur, "Dinamo"da oynayırdı. Amma onun yaşı elədir ki, daim oynaması vacibdir. Ona görə ki, Mahir millimizin aparıcı futbolçularındandır. Klubda oynamayanda, praktika olmayanda futbolçu da inkişaf etmir və milliyə xeyir verə bilməz".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlu deyib.
Futbolçu karyerasında Polşa və Türkiyədə legioner həyatı yaşamış Yunisoğlu Emrelinin "Konyaspor"dakı karyerasından gözləntilərini bildirib. Onun fikrinə görə, millimizin üzvü Türkiyədə özünü yaxşı tərəfdən göstərə biləcək: "Dinamo"da nəyə görə oynamırdı, onu deyə bilmərəm. Düşünürəm ki, adaptasiya keçə bilməyib, komandaya uyğunlaşmayıb. Ölkənin mentaliteti başqadır, həyat tərzi fərqlidir. Belə şeylər olur və normaldır. Ümidvaram ki, "Konyaspor"da onun işləri normala qayıdacaq və Türkiyədəki futbol ab-havası Mahirə müsbət təsir göstərəcək. Nəticədə biz onun uğurlarına sevinəcəyik. Mahirə uğurlar arzu edirəm".
Mirbağırağa