"Qarabağ"ın veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" bu gün "Gent"lə oyuna çıxacaq. Matçöncəsi hansı tərəfi şanslı, favorit görürsən?
- Təbii ki, çətin oyun olacaq. Bu, dəqiqdir. Çünki avrokuboklarda asan matç olmur. Amma istənilən halda, "Qarabağ"a uğurlar arzu edirəm və düşünürəm ki, hər şey yaxşı alınacaq.
- "Qarabağ"dan Ovusu Kvabena, Kadi Borges ayrıldı, Şahruddin Məhəmmədəliyev zədəlidi, Kevin Medina cəzalı. Bütün bunların "Qarabağ"a təsir edəcəyini düşünürsən?
- Bəli, zədəlilər, itkilər var. Ovusu və Kadi komandadan ayrıldı. Şahruddin zədəlidir, Medina da cəzalı. Adını çəkdiklərimizin hamısı əsas heyət oyunçuları idi, həmişə faydalı oyunçular olub komandada. Onların olmaması böyük itkidir. Ancaq bu cür itkilər "Qarabağ"da tez-tez olub. Lakin "Qarabağ" bu vəziyyətdən çıxmağı həmişə bacarıb. Çünki baş məşqçi nə etmək lazım olduğunu yaxşı bilir. İnanıram ki, "Qarabağ" yaxşı nəticə qazanacaq.
- "Qarabağ"ı bu gün hansı nəticə razı salar?
- Birinci oyun evdədir. Azarkeşlər neçə aydır ki, səbirsizliklə bu oyunu gözləyirlər. "Qarabağ" özü də elə bu günü gözləyir. "Qarabağ"dakılar irəliləmək üçün yetərincə şanslı olduqlarını yaxşı bilir. Bu oyun onlar üçün vacibdir. İnanıram ki, "Qarabağ" evdə qalib gələcək. Düzdür, rəqib köklü komandadır. Amma "Qarabağ"ın təcrübəsi onlardan çoxdur. İnanıram ki, komandamız istədiyi futbolu oynayaraq yaxşı nəticə qazanacaq.
- Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra ən çox müzakirə olunan mövzu qapıda hansı qapıçının dayanmasıdır. Səncə, Qurban Qurbanov kimə verəcək Luka Quqeşaşviliyə, yoxsa Amin Ramazanova?
- Qapı çətin mövqedir. Məncə, Amin üçün böyük təcrübə olacaq. O, sınaqdan lap yaxşı da çıxa bilər, pis də. Allah qoysa, bu sınaqdan üzüağ çıxar. Çünki çox vacib oyundur. Qapıçı axtardılar, tapa bilmədilər. Şahruddinin yerini hər qapıçı vermir. O, tamam başqa səviyyədə biridir. Onu əvəzləmək çox çətin olacaq. Amin də gəncdir, o da hardansa başlamalıdır. Belə yükün altına girəcək. Yadıma gəlir, mən də gənc idim, birbaşa "Honka" ilə oyuna çıxdım. Ondan sonra da elə oynamağa davam etdim. Belə oyunlarda futbolçu artırır. İnanıram ki, onun üçün daha uğurlu oyun olacaq və irəli gedəcək.
- Bu oyunla bağlı sənin proqnozun necədir?
- Məncə, "Qarabağ" bu gün qalib gələcək.
Mirbağırağa