Qurban Qurbanov: "Meydanda olanlar qələbə üçün var güclərini qoydular"

00:49 - 17 Fevral 2023

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Belçikanın "Gent" klubunu 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün nəticə, oyun öz yerində, meydanda sona qədər mübarizə aparan komanda görmək istəyirdim. Bunu da gördüm. Böyük təşəkkürümü onlara bildirdim. Bu gün azarkeşlərimiz bu cür soyuq havada, sizlər gecənin bu vaxtında yanımızdasız. Pley-off mərhələsində ilk qələbəmiz idi. Bu, gələcək üçün vacib idi. Futbolçular üçün də, klub üçün də çox önəmli idi. İkinci matçın nəticəsindən asılı olmayaraq belədir. Dinamik, bərk komandaya qarşı oynayırdıq. Belə rəqiblərə qarşı oynamaq hər zaman xoşdur. Öz meydanlarında nə etmək istədiklərini yaxşı bilirdilər. Çox sürətli idilər. Belə komandalara qarşı oynamaq, böyümək üçün fürsətdir, şansdır. Bu şansdan istifadə etdik. Belə rəqibə qarşı sona qədər dözürüksə, futbolçularda inam çoxalır. Klubun böyüməsi baxımından çox önəmli oyun idi. Cavab matçı var. Qarşıdakı vaxtda bu matçı analiz edib, hazırlaşacağıq.

 

- Yeni gələn futbolçular haqda nə düşünürsüz?

- Hər birindən razı qaldım. Əlbəttə ki, bu gün tam istədiyim performansda deyillər, optimal formalarından uzaqdırlar. Vaxt lazımdır. İşlər heç də pis getmir. Çox məsuliyyətli futbolçulardır. Meydanda olanlar qələbə üçün var güclərini qoydular.

 

- "Qarabağ" hücuma çıxarkən qapıçıdan başlayır. Bu gün isə Luka Quqeşaşvili topu meydanın mərkəzinə vururdu. Bu, rəqibə özəl seçilmişdi, yoxsa Şahruddinin yoxluğuna görə idi?

- İlk hissədə çox da risk etmədik. İkinci hissə bəzi gedişatlar etdik. Çünki rəqib 90 dəqiqə aqressiv pressinq edir. Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər. Ona görə uzun və ikinci top üzərində daha çox çalışmışdıq. Bu komandanın hücum potensialı çox yaxşıdır, bir-birilərini yaxşı anlayırlar. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq.

 

- Rəqibin baş məşqçisi bildirdi ki, sürpriz "Qarabağ"da qapıçı seçimi idi. Niyə Amin yox, Luka qapıda dayandı?

- Bəlkə də buna dəqiq cavab verə bilməyəcəm. Bəzən oyundan-oyuna hər oyunçunun psixoloji durumuna baxırsan. Futbolçu var, ola bilər ki, hansısa oyunda "yana" bilər. Bu, qarşıdakı matçlarda ona təsir edər. Əvvəlki oyunlarda Aminə üstünlük verdim. Oyunlar keçdikcə, bu qarşılaşma yaxınlaşdıqca, həyəcan çoxalırdı. Çox istəkli idi. Amma sonda qərar verdim ki, təcrübə daha çox rol oynasın. Aminə də güvənirik, qarşıdakı matçlarda oynamaq ehtimalı çoxdur. Xırda detallar var, deməməyim doğru olar. Bəzən qapıda dəyişikliklər etmişəm.

 

- Ramil Şeydayevlə danışdız? Psixoloji durumu hazırda necədir?

- Məncə, indi normaldı. Oyundan çıxanda psixoloji durumunu düzəltməyə çalışdım. Ramil 7 penaltidən hamısından yararlanmışdı. Bəlkə 3-4-cü olsaydı, daha rahat vurardı. Futbolun özəlliklərindən biridir. Problem olmayacaq. Əksinə, çalışıb oyundan qol vurmaq lazımdır. Onun motivasiyası qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Penalti vurmaması ona daha çox faydalı olacaq.

 

- Sizcə Andrade Kadinin boşluğunu doldura bilir?

- Heç vaxt olmayıb ki, hansısa gedən oyunçununu yerini kimsə doldurur və ya doldumur deyim. Mən həmişə istəmişəm ki, futbolçularımın hamısı sağlam olsun. Bu gün heyətə baxsaq, çox dəyişiklik var idi. Kevin Medina yox idi, Kadi, Ovusu, Vadji gedib, Ozobiç özünə yeni gəlib. Tək Kadi deyil, dəyişikliklər çoxdur. Kadinin hansı üstün cəhəti var idisə, ondan istifadə edirdik. İstəməzdim ki, hansısa futbolçumu yuxarıda tutum, hansınısa aşağıda. Kadidən də razı idim, Andradedən də razıyam. Mənim üçün önəmli olan bu oyunda tempə dözmək, rəqibdən çəkinməmək idi. Bəzi texniki səhvlər var idi. Andrade cavan oyunçudur. Daha çox oynaması lazımdır. Bu oyunlar onun üçün də təcrübədir. Leandrodan razı qaldım. Kadi ilə onu müqayisə etmək istəməzdim.

 

Mirbağırağa

 

Xəbər xətti