"Oyunun maraqlı və çətin keçəcəyi bəlli idi. Çoxdan idi ki, avrokuboklarda fasilə yaranmışdı. Görünürdü ki, klublar, azarkeşlər bu oyunlar üçün darıxıb. İlk yarıda "Qarabağ" çətinlik çəksə də, öz oyunundan da əl çəkmədi. Düzdü, hücumda sonluqlar çatmırdı, amma epizodlar var idi. İkinci yarı "Qarabağ" daha üstün oynadı. "Gent" də ehtiyatlı oyuna üstünlük vermişdi. "Qarabağ" layiqli qələbə qazandı".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Vaxtı ilə "Qarabağ"ın futbolçusu olmuş Abbasov Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Gent"ə qalib gəlməsini şərh edib. Gənc mütəxəssis Azərbaycan çempionun növbəti mərhələ şanslarını dəyərləndirib: "Hesab necə olursa-olsun, hər şey ikinci oyunda həll ediləcək. Çünki səfər qolunun mənası yoxdur. "Qarabağ"dan fərqli nəticə gözləmirdim. 2:0, 2:1-də ola bilərdi. Əsas odur ki, "Qarabağ" qalib gəldi, futbolçular inamlı çıxış etdi. Bu tempdə çoxdandır oynamırdılar, tempə uyğunlaşdılar. Yeni oyunçular avrokubok həyəcanını yaşadı. Məncə, Belçikadakı görüş "Qarabağ" üçün daha rahat keçəcək.
Hər komandanın ştatlı penalti vuranı olur. Həmin oyunçular zərbəni qaçıra və səhv vura bilər. Ramil Şeydayev "Qarabağ" üçün önəmli futbolçudur. Məncə penaltini elə o yerinə yetirməli idi. Təsəvvür edin, həmin penaltini başqa oyunçuya verəcəkdilər və o da qaçıracaqdı. Ondan sonra deyəcəkdilər ki, niyə Ramil Şeydayev vurmur penaltini? Çempionatda bütün penaltiləri dəqiq yerinə yetirib axı. Ona görə deyirəm ki, bu məsələni oyundan sonra müzakirə etmək düzgün deyil. Olur da belə şeylər. Bəlkə də, həmin penalti qaçdıqdan sonra "Qarabağ" təzyiqi daha da artırdı. Hər işdə xeyir var".
"Qarabağ"ın veteran müdafiəçisi qapıçı seçimi ilə bağlı da danışıb. Bununla yanaşı, o, Marko Yankoviçin performansını xüsusi fərqləndirib: "Qurban Qurbanov da açıq şəkildə bildirdi ki, bu oyunda təcrübəyə üstünlük verdi. Məncə, doğru qərar verilmişdi. Amin Ramazanov gəncdir, belə oyunlara hazır olmaq üçün vaxt lazımdır. Luka Quqeşaşvili soyuqqanlı idi. Düzdü, o qədər də təhlükə olmadı. İki-üç epizodda çıxışı var idi. Komandanın içini məşqçilərdən yaxşı bilən yoxdur.
"Qarabağ" komanda şəklində bu oyunda çox yaxşı idi. Elvin Cəfərquliyev çox fəallıq göstərdi. Demək olar ki, hər hücumda iştirak edirdi. Gənc Musa Qurbanlının ilk dəqiqələrdən meydanda olması, təcrübə toplaması, oyunu üzərinə götürməsi, penalti qazanması xoşuma gəldi. Müdafiə xətti etibarlı oynadı. Düzdü, ilk dəqiqələrdə rəqibin kəskin hücumları oldu. Orada daha diqqətli oynadılar. Marko Yankoviçin oyununu bəyəndim. Çoxdandır ki, "Qarabağ"ın dayaq yarımmüdafiəsində hücumlarda belə iştirak edən oyunçuya ehtiyacı var idi. Onu transfer edəndə elə bu yöndə fikirləşiblər. Demək olar ki, bütün hücumlarda iştirak edirdi. Məhsuldar ötürmə ilə yadda qaldı. Dayaq yarımmüdafiəçisinin belə oynaması bir komandanın üstünlüyüdür. "Qarabağ" fəlsəfəsindən əl çəkmədi və qələbə qazandı".
Mirbağırağa