"Kəpəz" Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri Premyer Liqanın 23-cü turunun "Şamaxı" ilə matçından (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az klub rəhbərinin müsahibəsini diqqətinizə çatdırır:
- "Turan Tovuz"la matçdan sonra komandanın əsərində təzyiq var idi. Toparlanaraq bu təzyiqi üzərimizdən götürməyə çalışdıq. Bu qələbə həm komanda üçün, həm də klubumuzun adı üçün çox vacib idi. Çünki, sonuncu pillədə idik. Qalibiyyət bizi son sıradan çıxardı və növbəti motçlara köklənmək üçün stimul olacaq. "Turan Tovuz" məğlubiyyətindən sonra bütün fikrimizi bu qarşılaşmaya cəmləmişdik. Qarşıda "Sumqayıt"la oyun var. O da bizim üçün çox vacibdir. İnanıram ki, komanda biz istədiyimiz nəticəni göstərəcək.
- "Kəpəz"in evdə yaxşı, səfərdə pis oynamasının səbəbi nədir?
- Hamı deyir ki, Gəncədə oynamaq həmişə çətin olur. Burada bütün rəqiblər üçün ağırdır. Çempionatın favorit komandalarından xal almağımız da bunu sübut edir. İstər-istəməz ev, səfər oyunu amili olur. Birinci dövrədə ev oyunlarımızı Qəbələdə keçirdik. Bu da komandanı müəyyən qədər xallardan məhrum etdi. Məqsədimiz odur ki, həm evdə, həm səfərdə lazım olan xalları toplayıb Premyer Liqada möhkəmlənək.
- Həftəiçi klub rəhbərliyi və baş məşqçi arasında görüş oldu. Bu görüş barədə müxtəlif fikirlər səsləndirildi. Reallıq necə olub?
- Məğlubiyyət olanda təzyiqlər, söz-söhbətlər daha çox olur. Biz hər həftə iclas təşkil edirik. Sadəcə son iclas mətbuatda fərqli şəkildə gündəmə gəldi. Bunun da müəyyən səbəbləri var. Yenidən o səbəblərə qayıtmaq istəmirəm. Bundan sonra neqativ hallarla yox, futbolun gözəlliyi, qələbələr, yaxşı oyunla gündəmə gələk. İstənilən halda bu cür söz-söhbətlər həm komandanın imicinə, həm də futbolçulara təsir edir. Futboldan kənar söhbətlər heç də xoş deyil.
- Mövsüm ərzində baş verən proseslərə həssaslıqla yanaşdınız, sərt qərarlar vermədiniz. Artıq mövsüm sona yaxınlaşır. Bundan sonra qərarlarınız necə olacaq?
- Nəticəni yaxşılaşdırmaq üçün bəzi hallarda səbrli davranmaq lazımdır. Bir neçə futbolçu ilə yollarımızı ayırmaq istəyirdik, amma ayıra bilmirdik. Bu məsələni səbrli davranıb klubumuzun xeyrinə dəyişə bildik. Gedən futbolçuların hər birinə təşəkkür edirəm. Komandanın adı hər şeydən önəmlidir.
- "Turan Tovuz" üçün yeni sponsor gəldi. Eyni hal "Kəpəz" üçün gözlənilir?
- Bununla bağlı bir neçə dəfə açıqlama vermişik. Əsas şərt odur ki, komanda davamlı olaraq Premyer Liqada iştirak etsin. Eyni zamanda sabitlik olmalıdır. Ola bilər ki, bu il olmasın, gələn il sponsor tapaq. Sponsor məsələsi nəinki "Kəpəz", digər klublar üçün də çətindir. Bu gün "Turan Tovuz"un sponsor tapması xoş haldır. Bu, region futbolunun inkişafına xidmət edir. İnanıram ki, "Kəpəz", "Şamaxı" və digər komandalar üçün də sponsorlar olacaq. Bu, Azərbaycan futbolunun inkişafına, rəqabətin artmasına xidmət edir. "Turan Tovuz"u təbrik edirəm, onlar üçün sevinirəm. İnanıram ki, "Kəpəz" üçün də sponsor məsələsi gec olsa da, yaxşı şəkildə həll olunacaq.
- Stadionun durumu ilə bağlı nə deyə bilərsiz? Bu istiqamətdə işlərin görülməsi gözlənilir?
- Stadionun durumu doğrudan da acınacaqlıdır. Bu qədər şəraitsiz şəkildə qonaqları, azarkeşləri qəbul etmək bizim üçün utancvericidir. İstəyərdik ki, digər problemlərlə paralel olaraq stadion problemimiz də həll olunar. Bu, klubumuzun hüdudları daxilində deyil. Stadion məsələsi ilə bağlı gücümüz çatdığı qədər lazım olan yerlərə məlumatlar ötürürük, mövzunu gündəmdə saxlamağa çalışırıq. Amma hazırda hansısa irəliləyiş əldə etməmişik.
- Hazırda tikintisi davam edən akademiya nə vaxta hazır olacaq?
- Artıq işlərin 90 faizi yekunlaşıb. Hava şəraiti ilə bağlı bir az problemlər var. Buna görə meydançaların tam hazır olması vaxt aparır. Havalar isindikdən sonra təbii örtüklü meydanlardan istifadə edə biləcəyik. Akademiyanın tikintisi də yaxın zamanda yekunlaşacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi