"Şamaxı"nın futbolçusu: "Sabah"a sıradan rəqib kimi baxırıq" - MÜSAHİBƏ

14:40 - 18 Fevral 2023

"Şamaxı"nın futbolçusu Rəhman Daşdəmirovun Sportal.az saytına müsahibəsi

 

- Son matçda "Kəpəz"ə məğlub oldunuz. Bu oyun haqda fikirlərini bildirərdin...

- "Kəpəz"in yaxşı rəqib olduğunu bilirdik. Oyuna yaxşı hazırlaşmışqdıq. Məşqçilərimiz tapşırıqlar vermişdi, onları həyata keçirməyə çalışdıq. Alınan epizodlar da oldu, alınmayanlar da. Bəxtsizlikdən məğlub olduğumuzu deyərdim. Uduzmağa layiq deyildik.

 

- "Şamaxı" mövsümün əvvəlində olduğu kimi qış fasiləsindən sonra da çempionata uğursuz başlayıb. Bunun səbəbi nədir?

- Qış fasiləsindən sonra ilk matçda "Səbail"ə qalib gəlsək də, sonrakı oyunlarda məğlub olmuşuq. Əlimizdən gələni edirik. Bəxtsizlikdən məğlub oluruq. Kiminsə səhvindən uduzduğumuzu demək istəməzdim. Hamı çalışır ki, qələbə qazanaq. Qarşıdakı oyunlara köklənməliyik.

 

 

- Premyer Liqanı tərk etmək qorxusu üzərimizdə təzyiq yaradır. Bunun oyununuza təsiri necədir?

- Düzdür, elə fikirlər var. Amma mənim fikrimcə, təsiri yoxdur. Çünki, qarşıda oyunlar çoxdur. Hələ bilmək olmaz. Mövsümün bitməyinə çox qalıb. 

 

- "Şamaxı" Premyer Liqada qala biləcək?

- İnanmıram ki, biz 10-cu yeri tutaq. Çünki, göstərdiyimiz oyun yaxşıdır. Məncə, nəticəsini görəcəyik

 

- 23 tur ərzində göstərdiyiniz oyunla turnir cədvəlindəki mövqeyiniz bir-birinə uyğundur?

- Deməzdim. Hər matçda üstün oynayırıq. Sadəcə olaraq nəticələr ürəkaçan deyil.

 

- Artıq Premyer Liqada kifayət qədər təcrübə toplamısan. Öz performansını necə dəyərləndirirsən?

- Heç vaxt öz oyunumdan razı qalmıram. Məşqçilərin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışıram. Daim irəliləmək istəyirəm. Ümid edirəm ki, hər şey yaxşı olar.

 

- Komandanızın əksəriyyəti gənc oyunçulardır. Premyer Liqanı tərk etmək ehtimalının stressi genclərə necə təsir edir?

- Düzdür, elə situasiyalar olur ki, təcrübəsizlik hiss olunur. Amma çalışırıq ki, bunu aradan qaldıraq. Oyunlar oynadıqca təcrübə özü gəlir. Məşqçilər heyəti, klub rəhbərliyi sağolsunlar ki, bizə inanırlar.

 

- Növbəti turda "Sabah"la oyununuz var. Bu matçdan gözləntin nədir?

- "Sabah"a qarşı sırf adına görə hazırlaşmırıq. Sıradan rəqib kimi baxırıq. Turnir cədvəlinin ikinci pilləsində olmalarına baxmayaraq, bu matça da digər rəqiblərə qarşı olduğu kimi hazırlaşacağıq. Məğlubedilməz komanda yoxdur.

 

- "Kəpəz"ə qol vurduqdan sonra qeyd etmədin. Bunun səbəbi nədir?

- Premyer Liqada ilk qolum idi. Ümumiyyətlə sevinməkdən xoşum gəlmir. Yəni "Kəpəz"ə heç bir aidiyyatı yoxdur.

 

- Karyeranla bağlı hədəflərin nədir?

- Məqsədim Azərbaycanın əsas milli komandasında oynamaq, o formaya, o şərəfə layıq olmaqdır. İnşallah layiq olarıq.

 

Elçin Əlixan

Xəbər xətti