"Şamaxı"nın kapitanı Elvin Məmmədov Sportal.az saytına açıqlama verib. Bölgə klubunun yarımmüdafiəçisi Premyer Liqanın 23-cü turunun "Kəpəz"lə (3:2) görüşü barədə fikirlərini bildirib:
"Bilirdik ki, "Kəpəz"ə qarşı oyunumuz ağır olacaq. Erkən qol buraxdıq. Amma tez bir zamanda hesabı bərabərləşdirməyi də bacardıq. Təəssüf ki, sonda istədiyimiz kimi olmadı. Bilirsiz, əksər oyunları təcrübəsizliyə görə uduzmuşuq. Yoxsa, hər tur yaxşı oynayırıq. Daha çox hücum edirik. Ola bilməz ki, bu cür oyun bəhrəsini verməsin. Sadəcə olaraq, zaman lazımdır. İnanıram ki, tez bir zamanda uğurlu nəticələr gələcək".
Məmmədov komandasının qış fasiləsindən sonra uğursuz nəticələrinin arxayınçılıqla əlaqədar olmadığını deyib: "Futbol elə oyundur ki, mövsüm ərzində oyunçuların performansında enişllər və yüksəlişlər yaşanır. Bu da normaldır. İnanmıram ki, hansısa futbolçu arxayınlaşsın. Çünki bu gənclərin karyerası hələ qarşıdadır. Ən çox üzüldüyümüz anlar isə yaxşı oynayıb, uduzduğumuz oyunlardır. Onun məyusluğu var. Ancaq inanıram ki, bu durumdan çıxacağıq".
"Şamaxı"nın aparıcı üzvü Premyer Liqanın 24-cü turunda qarşılaşacaqları "Sabah"la görüş barədə də danışıb. O, futbolçu seçiminin geniş olmasını müsbət hal kimi dəyərləndirib: "Qarşıdakı turda çempionatın liderlərindən biri ilə qarşılaşacağıq. Bizim üçün hər oyun çətin keçir. Bu matç daha ağır olacaq. Çalışacağıq ki, layiqli mübarizə aparaq.
Komandada çox futbolçu varsa, bu, seçimin də geniş olması deməkdir. Rəqabət, inkişaf da yaxşı alınır. İnanıram ki, hazırkı heyətimizlə də yaxşı nəticə qazana biləcəyik".
Mirbağırağa